Вернуться назад Распечатать

Yaponiyada astronavt olmaq istəyənlərə yeni fürsət: Ay missiyası üçün seçim başlayır

Yaponiya Ayın tədqiqi və mənimsənilməsi proqramlarında iştirak edəcək yeni astronavtların seçiminə hazırlaşır. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) 2027-ci ilin yazından etibarən yeni namizədlərin qəbuluna başlayacaq.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, seçim prosesi dörd mərhələdən ibarət olacaq. Namizədlərdən sağlamlıq vəziyyətinin yaxşı olması, xüsusilə görmə və eşitmə qabiliyyətlərinin normal olması tələb edilir.

Yeni seçim prosesinin diqqətçəkən xüsusiyyətlərindən biri humanitar ixtisaslar üzrə təhsil alan şəxslərin də namizədliyinin nəzərdən keçiriləcəyidir. Beləliklə, astronavt olmaq istəyənlər üçün yalnız texniki və təbiət elmləri sahəsində təhsil almaq şərti qoyulmayacaq.

Rəsmi məlumata əsasən, müraciətlərin qəbulu 2027-ci ilin iyununda başlayacaq və təxminən üç ay davam edəcək. Seçiləcək namizədlərin sayı hələlik açıqlanmayıb. Yekun nəticələrin 2028-ci ilin payızında elan edilməsi planlaşdırılır.

Yeni astronavtların hazırlanması Yaponiyanın ABŞ-ın rəhbərlik etdiyi “Artemis” Ay proqramında iştirakı ilə əlaqələndirilir. Tokio 2030-cu illərdə Ayın tədqiqində daha fəal iştirak etməyi və gələcək insanlı kosmik missiyalar üçün mütəxəssislər yetişdirməyi hədəfləyir.

Qeyd edək ki, JAXA sonuncu dəfə 2021-ci ildə astronavt seçimi keçirib. Həmin vaxt 4 mindən çox müraciət arasından iki namizəd seçilmişdi.