Estoniyanın cənub və cənub-şərq bölgələrində pilotsuz uçuş aparatlarından (PUA) mümkün təhlükə ilə bağlı xəbərdarlıqdan sonra NATO qırıcıları havaya qaldırılıb.
1xeber.media xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.
Məlumata görə, Estoniya Müdafiə Qüvvələri altı bölgəni əhatə edən xəbərdarlıq yayıb. Xəbərdarlıq Yıgeva, Pılva, Tartu, Valqa, Viljandi və Vyru mahallarına şamil edilib.
Təhlükə ilə bağlı xəbərdarlıq 43 dəqiqə davam edib. Həmin müddətdə sakinlərə pilotsuz uçuş aparatları aşkar etdikləri halda təhlükəsiz sığınacaq tapmaq və təcili yardım xidmətləri ilə əlaqə saxlamaq tövsiyə olunub.
Hərbi qurumlar mümkün təhlükə barədə məlumat versələr də, PUA-ların mövcudluğu ilə bağlı vəziyyətin hələ təsdiqlənmədiyini bildiriblər.
Yaranmış vəziyyətə operativ reaksiya vermək məqsədilə NATO-nun aviasiya qüvvələri də fəaliyyətə cəlb edilib.
Hadisə Baltikyanı regionda hava təhlükəsizliyi və pilotsuz uçuş aparatları ilə bağlı narahatlıqların davam etdiyi bir vaxtda baş verib.