Вернуться назад Распечатать

Ciqanla bağlı cinayət işi açılmadı – Prokurorluq qərarı yenidən araşdırmaya göndərdi

Rusiyalı reper Ciqan (əsl adı Denis Ustimenko-Vaynşteyn) barəsində cinayət işi başlanmasından imtina edilib.

1xeber.media xəbər verir ki, bu barədə “Baza” nəşri məlumat yayıb.

Məlumata görə, xuliqanlıq və qanunsuz azadlıqdan məhrumetmə ilə bağlı materiallar əsasında polis təxminən bir həftə əvvəl müvafiq qərar qəbul edib. Lakin bir neçə gün sonra prokurorluq materialları yenidən araşdırılması üçün geri qaytarıb.

Bildirilir ki, reperin özü hələlik dindirilməyib. Onun keçmiş həyat yoldaşı, bloger Oksana Samoylova isə yoxlama prosesində əməkdaşlığa o qədər də həvəs göstərmir. Məlumata əsasən, o, keçmiş həyat yoldaşından qorxduğunu bildirərək daha əvvəl reper barəsində şikayət ərizəsi yazmaqdan imtina edib.

Xatırladaq ki, sentyabr ayında Rusiya mediasında Ciqanın Moskva vilayətindəki malikanəsində qalmaqal yaratdığı barədə məlumatlar yayılmışdı. İddialara görə, reper evin əməkdaşlarını girov saxlayıb və mühafizəçilərdən birinə atəş açıb.

Həmin vaxt malikanədə reperin və Oksana Samoylovanın dörd övladı – Ariela, Maya, Leia və Davidin də olduğu bildirilirdi.

Hadisədən sonra reperin İsraildə reabilitasiya mərkəzinə yerləşdirildiyi barədə məlumat yayılmışdı. Hazırda onun barəsində cinayət işinin başlanması ilə bağlı yekun qərar qəbul edilməyib.