Türkiyə 2027-ci ildə keçiriləcək 30-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF) qonaq ölkə statusunda iştirak edəcək.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 27-də Rusiyanın baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.
Novak Türkiyə tərəfinə yubiley forumunda qonaq ölkə statusunda iştirak etmək qərarına görə təşəkkür edib.
Onun sözlərinə görə, 30-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2027-ci il iyunun 16-dan 19-dək Sankt-Peterburq şəhərində keçiriləcək.
Rusiya baş nazirinin müavini bildirib ki, qonaq ölkə statusu Türkiyə şirkətlərinə öz məhsullarını təqdim etmək, Rusiya və digər ölkələrin biznes nümayəndələri ilə danışıqlar aparmaq, həmçinin Rusiyanın regionlarının iqtisadi və investisiya təklifləri ilə tanış olmaq imkanı yaradacaq.
Novak əlavə edib ki, Rusiya tərəfi Türkiyə biznes dairələrinin nümayəndələrini Sankt-Peterburqda keçiriləcək tədbirdə görməkdən məmnun olacaq.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiya və xarici ölkələrin biznes nümayəndələrini, investorları və dövlət rəsmilərini bir araya gətirən beynəlxalq iqtisadi tədbirlərdən biridir.