Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun sabiq müavini, YAP-ın Balakən Rayon Təşkilatının sədri Rizvan Balayevin məhkəməsi başlayıb.
1xeber.media-nın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin ilk baxış iclası dekabrın 11-nə təyin edilib.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci ( (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), və 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.
İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rizvan Balayevə isə bu il saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.
Rizvan Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.