Azərbaycan və BMT arasında davamlı inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi şaxələndirmə və yaşıl keçid istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
1xeber.media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycan ilə BMT arasında 30 ildən artıq davam edən tərəfdaşlığın DİM-lərin icrasına verdiyi töhfə qeyd olunub. 2025-ci il oktyabrın 24-də imzalanmış Əməkdaşlıq Çərçivə Sənədinin icrasının ilk ilində həyata keçirilmiş tədbirlər nəzərdən keçirilib.
Həmçinin, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması istiqamətində görülən işlər qeyd olunub. Bildirilib ki, pilot ərazilər kimi seçilmiş Şuşa şəhəri və Naxçıvan Muxtar Respublikası üzrə 2027–2028-ci illər üçün Yol Xəritələrinin layihələri hazırlanıb. Azərbaycanın DİM-lərin icrasında dair beşinci Könüllü Milli Hesabatının 2027-ci ildə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim ediləcəyi diqqətə çatdırılıb.
Tərəflər yaşıl iqtisadiyyata keçid, rəqəmsal transformasiya, kiçik və orta sahibkarlığın dəstəklənməsi, insan kapitalının inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.