Samir Kərimov “Baker Hughes” şirkətində yeni vəzifəyə təyin olunub.
1xeber.media Yurd.media-ya istinadla xəbər verir ki, o, şirkətdə Yetkin aktivlərin inkişafı üzrə rəhbər və Biznesin inkişafı direktoru vəzifəsinə təyinat alıb.
Samir Kərimov bu təyinatadək 2025-ci ilin avqustundan 2026-cı ilin noyabrınadək "SOCAR Upstream Management International" şirkətində aktivlərin idarə edilməsi üzrə menecer vəzifəsində çalışıb.
O, 2017-ci ilin fevralından 2025-ci ilin avqustunadək SOCAR-da müxtəlif vəzifələrdə işləyib. Belə ki, 2024-cü ilin fevralından 2025-ci ilin avqustunadək Layların İdarə Edilməsi departamentinin rəis müavini, 2022-ci ilin avqustundan 2024-cü ilin fevralınadək Modelləşdirmə və hasilat proqnozlaşdırılması departamentinin rəisi, 2021-ci ilin iyulundan 2022-ci ilin avqustunadək həmin departamentin rəis müavini olub.
Bundan əvvəl, 2020-ci ilin sentyabrından 2021-ci ilin iyulunadək Neft və qaz əməliyyatlarına nəzarət departamentində baş nəzarətçi, 2020-ci ilin yanvarından sentyabrınadək böyük geoloq, 2017-ci ilin dekabrından 2020-ci ilin yanvarınadək kiçik geoloq vəzifələrində çalışıb. 2017-ci ilin fevral-noyabr aylarında isə SOCAR-da tədqiqat üzrə lay mühəndisi olub.
Qeyd edək ki, “Baker Hughes” dünya miqyasında enerji və sənaye sektorunda fəaliyyət göstərən müştərilərə həllər təqdim edən enerji texnologiyaları şirkətidir. 120 ölkədə fəalliyyət göstərən 100 illik təcrübəyə malik şirkət ətraf mühitə minimum təsir etməklə və bir barrelə daha aşağı xərclə öz müştərilərinə karbohidrogen məhsullarını daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə əldə etməyə, daşımağa və emal etməyə kömək edir.
1990-cı ildən Azərbaycanda fəaliyyətə başlayan “Baker Hughes” Xəzər dənizində həyata keçirilən bir sıra kompleks onşor və ofşor layihələr, o cümlədən “Şahdəniz, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və TANAP layihələri üçün neft və qaz avadanlıq və xidmətlərinin aparıcı təchizatçısıdır. “Baker Hughes” SOCAR, həmçinin BP, “Total”, “Equinor”, “Caspian Drilling Company” şirkətlərinin tərəfdaşıdır.