Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə sabitliyini qorumaq və sosial rifahını yaxşılaşdırmaq məqsədini daşıyır.
Bu siyasət çərçivəsində həyata keçirilən tədbirlər bir sıra məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsində mühüm rol oynayır. İstehsalçı və istehlakçının maraqlarını balanslaşdırmağa yönələn bu yanaşma, strateji məhsul və xidmətlər üçün xüsusi əhəmiyyət kəsb etməklə, dövlət nəzarəti altında müvafiq qurumlar tərəfindən idarə olunur. Azərbaycanın qiymət tənzimlənməsi siyasəti digər ölkələrin təcrübəsindən də bəhrələnərək iqtisadi sabitlik və sosial bərabərliyin təmin edilməsinə xidmət edir.
1xeber.media Azərbaycanda qiymət tənzimlənməsi siyasətinin əsas prinsipləri və bu prosesin həyata keçirilməsində qurumların rolu barədə araşdırma aparıb.
Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır və dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Dünyanın bir çox ölkəsində bəzi məhsul və xidmətlərin qiymətlərini tənzimləmək məqsədilə xüsusi qurumlar fəaliyyət göstərir. Eyni zamanda, bu sahədə dövlət strategiyaları beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilir. Azərbaycanda hazırda 50-dən çox məhsul və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Bu siyasətin məqsədləri arasında istehlakçıların xərclərinin optimallaşdırılması, bazarda rəqabət mühitinin qorunması və strateji məhsullara əlçatanlığın təmin edilməsi mühüm yer tutur. Buna görə də qiymət tənzimlənməsi ilə bağlı ictimai məlumatlılığın artırılması vacib məsələlərdən biridir.
Hazırda Azərbaycanda müxtəlif sahələrdə dövlət tərəfindən qiymət tənzimlənməsini 3 qurum yerinə yetirir:
Nazirlər Kabineti
Tarif (qiymət) Şurası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Nazirlər Kabineti tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, avtomobil parklanmasına görə ödəniş, icbari tibbi sığorta tarifləri, baytarlıq və fitosanitar xidmətlər, dövlət mənzil fondundan istifadə haqqı və digər məsələlərlə bağlı tənzimləmə aparır.
Tarif Şurası “Aİ-92” benzini, dizel, elektrik enerjisi, təbii qaz, su və istilik təchizatı, tələbə qəbulu və dövlət qulluğu üzrə imtahanlar kimi məsələlərlə bağlı qiymətləri tənzimləyir, dövlət qeydiyyatına alınmış dərmanların yalnız qiymətinin yuxarı həddini müəyyən edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi metroda, avtobusda gediş qiymətlərini, telefon rabitəsi, dəmir yolu və dənizlə tranzit yükdaşımalar, hava nəqliyyatı ilə ölkə ərazisində yük, sərnişin daşıma və s. xidmətlərin qiymətini tənzimləyir. Ölkə Prezidentinin Fərmanına əsasən, 2023-cü ilin sentyabrın 2-dən nəqliyyat və rabitə sahəsi ilə bağlı qiymət tənzimləmələri Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ötürülüb.
“Aİ-95”, maye qaz, sıxılmış qaz (CNG), koks, istilik enerjisi və istilik təchizatı üzrə qeyri-əhali qrupu üzrə qiymətlər isə sərbəst şəkildə, tələb-təklif əsasında tənzimlənir.