Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib. O, Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub. S.Şərifovun bir vəzifədən digərinə keçməsi müzakirələrə səbəb olub.
Maraqlıdır, Samir Şərifov tanınmış simaların nəzərində necə maliyyə naziri idi?
Deputat Müşfiq Cəfərov S.Şərifovla bağlı yalnız müsbət fikirlər bildirib:
“Samir Şərifov ictimaiyyətdə də, dövlət qurumları arasında da kifayət qədər yüksək nüfuza malik bir şəxsdir.
Adam öz işinin peşəkarı olub. Maliyyə naziri olduğu dövrdə onun haqqında cəmiyyət arasında neqativ danışan olmayıb. Milli Məclisin həm komitə iclasına, həm plenar iclaslara hər zaman yüksək əhval-ruhiyyə və peşəkarlıqla yanaşıb. Demək olar ki, istənilən sualı cavablandırıb. Gördüyü iş kifayət qədər məsuliyyətli işdir. O öz işinin öhdəsindən peşəkarlıqla gəlib, işi yaxşı kommunikasiya qurmaqla həyata keçirib. Hesab edirəm ki, bundan sonrakı fəaliyyətini də eyni peşəkarlıqla davam etdirəcək”.
İqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərlinin fikrincə, yaxşı nazir olmasa idi uzun müddət eyni vəzifəni icra etməzdi.
O, S.Şərifovun maliyyə sahəsini yaxşı bildiyini qeyd edib:
“Suala cavab vermək çətindir. Çünki adam az qala 20 il nazir vəzifəsində çalışıb. Yaxşı nazir olmasa idi, məncə, 20 il o posta qala bilməzdi. Maliyyə sahəsini yaxşı bilir, təcrübəlidir. Amma təəssüf ki, nazir kimi böyük uğurlara imza atdığını demək də mümkün deyil”.
Globalinfo.az