Yanvarın 14-ə ABŞ və Ermənistan arasında imzalanan starteji tərəfdaşlıq haqqında saziş Rusiyada birmənalı qarşılanmayıb.
Rusiyalı politoloqlar, o cümlədən yerli mətbuat İrəvanı Moskvaya xəyanətdə ittiham edirlər. Bəzi ekspertlərin fikrincə, Ermənistan bununla KTMT-dən yaxın zamanda çıxacağını elan etdi.
Həmçinin Rusiya İrəvan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük üçün prosesi başlatması fonunda narazılığını ifadə edib. Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın eyni anda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün mümkün olmadığını bildirib.
Politoloq Züriyə Qarayeva deyib ki, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması Rusiya Prezidenti Vladimir Putin üçün yeni xəbər deyil:
“Kreml anlayır ki, Vaşinqtonun İrəvan hökumətinə yardım və dəstək səviyyəsi gec-tez münasibətlərin rəsmiləşməsi ilə nəticələnəcəkdi. Entoni Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamenti indiyədək erməni mərkəzli siyasət yürüdüb. Bu da Moskva-Vaşinqton xəttində görüntüdən ziyadə hər hansı qarşıdurmaya səbəb olmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənildiyi kimi Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərindəki qələbəsindən sonra yeni administrasiyanın İrəvan hökumətinə dəstəyinin davam etməsi üçün Vaşinqtonla münasibətləri mümkün qədər legitimləşdirməyə çalışır.
Prezident seçkilərindəki məğlubiyyətdən sonra Co Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bunlar strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir. Trampın Baydenin irsinə və ümumilikdə demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin Putini çox da narahat etmədiyini deyə bilərik”.
Politoloqun sözlərinə görə, Rusiya ABŞ-ın Cənubi Qafqazda ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə yardım göstərməsinə razı olmayacaq:
“Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün nə KTMT, nə Aİİ, nə də Gömrük İttifaqı üzvlüyündən imtina edə biləcək. Üstəlik Moskva buna əlavə presedentlər yaratdığı üçün heç vaxt razı olmaz.
Ermənistanın baş naziri sadəcə ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir. Ancaq məsələnin görüntü səviyyəsindən kənara çıxacağını ehtimal etmək çətindir. İstənilən halda proseslərin əsl üzünü 20 yanvar tarixində ABŞ-da yeni prezidentin inaqurasiyasından sonra daha dəqiq müşahidə edə biləcəyik”.
Globalinfo.az