Вернуться назад Распечатать

Suriya İsrail sərhədində BMT sülhməramlılarının yerləşdirilməsinə razılıq verib

Suriyanın yeni hakimiyyət orqanları Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarını İsraillə sərhəd yaxınlığındakı Colan təpələrindəki bufer zonada yerləşdirməyə razılaşıblar.

1xeber.media xəbər verir ki, bu barədə Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şaraa bildirib, onun sözlərini Əl-Cəzirə telekanalı yayıb.

“Suriya vəziyyəti İsrailin irəliləməsindən əvvəl olduğu vəziyyətə qaytarmaq məqsədi ilə bufer zonada BMT-nin sülhməramlı qüvvələrini qəbul etməyə hazırdır. İsrail əsgərləri İran qüvvələrinin orada olması bəhanəsi ilə bufer zonanın dərinliklərinə doğru irəliləyiblər. İndi, Dəməşqin azad edilməsindən sonra bu arqument artıq mövcud deyil”, - deyə siyasətçi qeyd edib.

Əl-Şaraa görə, Qətər İsrail Müdafiə Qüvvələrinin (IDF) irəliləməsinə qarşı mövqeyin formalaşmasında "həlledici rol" oynayıb və "gələcəkdə də bunu davam etdirəcək".

Bundan əvvəl məlum olub ki, Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Bundan əlavə, Fransa lideri Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud ilə söhbət edib və söhbətdə onlar “bütün Suriya vətəndaşlarının hüquqlarını qoruyacaq ədalətli və əhatəli siyasi keçidi müdafiə etməyə” sadiq olduqlarını vurğulayıblar.