Yanvarın 17-də Bakıda “l AZƏRTÜRKDİAB: Diabet və piylənmədə XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
1xeber.media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda ilk dəfədir keçirilən bu tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini dəstəyi və Respublika Endokrinoloji Mərkəzin (REM) təşkilatçılığı ilə həyata keçirilib.
Dünyanın bir çox ölkəsindən gələn, eyni zamanda, yerli 300-ə yaxın həkim-endokrinoloqları bir araya gətirən konfransda endokrinologiya sahəsinin aparıcı mütəxəssisləri iştirak edir.
Konfransda çıxış edən Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova Azərbaycan və Türkiyə arasında endokrinoloji problemlərin həlli istiqamətindəki əməkdaşlığa diqqət çəkib: “1997-ci ildə Türkiyə və Azərbaycan arasında Beynəlxalq Diabet Federasiyasının rəhbərliyi ilə əməkdaşlıq proqramı imzalanıb. Ötən illər ərzində bu proqram çərçivəsində bir çox layihələr həyata keçirilmiş, azərbaycanlı həkimlər Türkiyədə kurslara və təlimlərə cəlb olunub. Xəstəliklərin müalicəsi istiqamətində yeni metodların öyrənilməsi və mənimsənilməsi baxımından proqramın əhəmiyyəti olduqca vacib idi.
Biz isə Türkiyə Diabet Fondu ilə birlikdə bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün prosesi yeniləmək qərarına gəldik. Hazırda isə proqramın ilk beynəlxalq konfransına ev sahibliyi edirik. Ümid edirəm ki, konfrans həkimlərin və əhalinin maariflənməsinə və piylənmə xəstəliyinin rastlanma tezliyinin azaldılmasına kömək edəcək”.
Daha sonra Türkiyə Diabet Fondunun sədri professor Mehmet Temel Yılmaz keçirilən konfransın vacibliyinə diqqət çəkib: “Hazırda bütün dünyada piylənmə və diabet xəstəlikləri qlobal problemə çevrilib. Bu səbəbdən problemlərin müalicəsi istiqamətində keçirilən hər tədbir olduqca vacibdir. Konfransın mövzusu və iştirak edən professorların siyahısına baxdıqda iştirakçı həkim-endokrinoloqlar üçün önəmi bir daha sübut olunur”.
Daha sonra TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Tibb Universitetinin 2-ci daxili xəstəlikləri kafedrasının müdiri Rafiq Məmmədhəsənov və Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova Azərbaycanda şəkərli diabet xəstələrinə göstərilən tibbi dəstək barəsində danışıblar.
Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə panellərlə davam etdirib. Panellərdə “Piylənmənin müalicəsində gələcəkdəki yeniliklər və yeni dərman preparatları”, “Piylənmə və yanaşı gedən xəstəliklərin cərrahi müalicəsi, bariatrik cərrahiyyə”, “Yeni diabet təsnifatı” kimi günümüzün aktual məsələləri müzakirə edilib.
Yanvarın 18-dək davam edəcək konfransda endokrinologiya sahəsində dünyanın tanınmış 30-dan çox ekspertinin ən aktual mövzularda məruzələri dinləniləcək, xəstəliklərin müalicəsinə ən qabaqcıl yanaşmalar və təcrübələr təqdim olunacaq.