Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacağı tarix məlum olub.
Bu barədə 1xeber.media AMB-dən məlumat verilib.
Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il mart ayının 12-də ictimaiyyətə açıqlanacaq.
"Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün AMB faiz dəhlizinin parametrlərinə dair qərarını açıqlayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.