Rusiya hakimiyyətinə yaxın teleqram kanallarında Astana yaxınlığında qəza enişi edən Azərbaycan təyyarəsinin pilotları ilə dispetçerlər arasında olduğu iddia edilən söhbətlər yayılıb.
Bu gün Qazaxıstanın Baş nazirinin müavini, qəzadan sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev bu paylaşımı gördüyünü qeyd edib.
"Mənə elə gəlir ki, bu (dərc olunan danışıqlar - red.), daha çox yerlə danışıqlar aparan ölkəyə məxsus danışıqlardır. Mən orada ekipaj üzvləri arasında olan danışıqları eşitmədim, "qara qutu"da kapitanın, pilotların, ekipaj üzvlərinin apardıqları bütün danışıqlar var. Orada daha çox məlumat var", - deyə o bildirib. Bozumbayev vurğulayıb ki, bu informasiya uçuş qeydlərinin deşifrəsi zamanı əldə edilən məlumatlardan fərqlənir.
ReAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, bu, Rusiyanın basqılarına baxmayaraq, Qazaxıstanın həqiqəti gizlətməyəcəyi deməkdir:
"Qazaxıstana halaldır, belə görünür ki, Rusiyanın basqılarına baxmayaraq həqiqəti gizlətməyəcək. AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq, görək ondan sonra Rusiya nə deyəcək, nələr uyduracaq.
Kremlə bağlı “Baza” resursunun yaydığı stenoqramlar manipulyasiya cəhdi idi - alınmadı, alınmayacaq", - o qeyd edib.
Qeyd edək ki, qəza ilə bağlı araşdırmanın nəticələrinin gələn həftə dərc ediləcəyi gözlənilir.
modern.az