Vaşinqtonun yardımı dayandırması Kiyevə silah alınması üçün ayrılan vəsaiti donduracaq.
1xeber.media xəbər verir ki, ABŞ-ın qərarının Ukrayna üçün mümkün nəticələrini Amerikanın The Wall Street Journal (WSJ) nəşrinin jurnalistləri açıqlayıb.
“Dövlət Departamentinin silah transferinə nəzarətdəki roluna görə, yardımın dondurulması, çox güman ki, Dövlət Departamentinin Tayvan və Ukraynaya Amerika silahlarının alınması üçün ayırdığı maliyyəni donduracaq”, – nəşrin müəllifləri qeyd edirlər. Eyni zamanda jurnalistlər hesab edirlər ki, bu, Ukrayna və Tayvanın silah əldə etməsinin yeganə yolu deyil.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Dövlət Departamenti digər ölkələrə yardımı dayandırmaq barədə göstəriş verdikdən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ukrayna ofisi bütün layihələrini və onlara xərcləmələrini dayandırmaq əmri alıb. Agentliyin vəsaitləri ilə işləyən Ukrayna təşkilatları fəaliyyətini müvəqqəti dayandırmağın zəruriliyi ilə bağlı məktublar alıb.
Yanvarın 25-də ABŞ Dövlət Departamentinin Ukrayna da daxil olmaqla bir sıra ölkələrə yardımı 90 gün müddətinə dayandırdığı xəbəri yayılıb. Bildirilib ki, dərhal qüvvəyə minən sənəd İsrail və Misirdən başqa bütün ölkələrə şamil edilir.