Əməliyyat zamanı pasiyentin komaya düşməsinə səbəb olmaqda təqsirləndirilən lor, estetik cərrah Yaqub Əsədi apellyasiya şikayəti verib.
1xeber.media xəbər verir ki, bu barədə "Unikal"a zərərçəkmiş şəxsin vəkili Rusif Eminli məlumat verib.
Onun sözlərinə görə, ötən gün Nəsimi Rayon Rayon Məhkəməsində keçirilən prosesdə Yaqub Əsədinin apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasına dair ərizəyə baxılıb.
Qərara əsasən, müddət bərpa edilib və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bu ilin mayında Nəsimi Rayon Məhkəməsində elan edilən hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə lor, estetik cərrah Yaqub Əsədiyə və anestezioloq Cəmilə Əliyevaya 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcəklər.
Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.
Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib. Hadisədən sonra N.Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
"MedAura" Klinikasında rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı Nigar Budaqlı bu ilin avqustun 22-də dünyasını dəyişib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.