Yevlax şəhər stadionunda futbol oynamaq olmaz.
1xeber.media xəbər verir ki,bunu Reporta açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, ötən gün Azərbaycan I Liqasında "Karvan"a qalib gəldikləri matç barədə danışarkən, qarşılaşmanın keçirildiyi Yevlax şəhər stadionunun ot örtüyünün bərbad vəziyyətdə olduğunu söyləyib:
"Ot örtüyünün pis vəziyyətdə olması normal futbol oynamağa imkan vermirdi. Meydanda yalnız həddən artıq mübarizə var idi. Görüşün taleyini bir səhv həll etməli idi. Oyunda futbol adına heç nə yox idi. Fikrimcə, elə meydanda, ümumiyyətlə, futbol oynamaq olmaz. Əlbəttə, artıq lider olduğumuza görə sevinirəm. Bu, çox yaxşı haldır. Amma qarşıda daha çox oyun var. Bizi gərgin mübarizə gözləyir. Bütün rəqiblər bizimlə oyunlara motivasiyalı çıxırlar. Bu səbəbdən hər bir matça ciddi hazırlaşmalıyıq. Çıxdığımız görüşlərdə maksimum nəticə qazanaraq "Qəbələ"ni Premyer Liqaya qaytarmalıyıq".
Qeyd edək ki, VII turda "Karvan"a 1:0 hesabı ilə qalib gələn "Qəbələ" xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. 18 xalı olan "Karvan" isə ikinci pilləyə enib.