İngiltərə Premyer Liqasının XIII turunda London təmsilçisi “Vest Hem” eyni şəhərin “Arsenal” komandasını qəbul edib.
1xeber.media xəbər verir ki, "London Stedium"da baş tutan derbini baş hakim Entoni Teylor idarə edib.
“Topçular” matçın taleyini ilk hissədə həll ediblər. İspaniyalı baş məşqçi Mikel Artetanın yetirmələri 10, 27, 34 və 36-cı dəqiqələrdə qol vuraraq böyük üstünlük qazanıblar – 4:0. “Çəkicvuranlar”ın 38 və 40-cı dəqiqələrdə vurduğu qollar ev sahiblərində geridönüş ümidi yaratsa da, “Arsenal”ın hücumçusu Bukayo Saka birinci hissəyə əlavə edilmiş vaxtda penaltidən fərqlənərək onların gözləntilərinin üstündən xətt çəkib və yekun hesabı müəyyənləşdirib - 5:2.
Qeyd edək ki, 13 turdan sonra “Vest Hem” (15 xal) 14-cü, “Arsenal” (25) isə ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin vahid lideri ehtiyatında bir oyunu olan “Liverpul”dur (31 xal).
Xatırladaq ki, dekabrın 1-də “Enfild”də çempionatın favoritləri olan “Liverpul” və “Mançester Siti” (23 xal) qarşılaşacaq.