SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Əməliyyatın ənənəvi bağlanış şərtlərindən və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq, 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir. Saziş SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtkü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.
Şirkət təcrübəli yerli idarəçi komanda və təhlükəsizlik, uyğunluq və səmərəliliyə diqqəti ilə tanınan peşəkar işçi heyəti tərəfindən idarə olunur, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiyaya sahibdir.
1xeber.media xəbər verir ki,Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirib ki, SOCAR-ın xaricdə əldə etdiyi gəlir, daxillə müqayisədə daha çoxdur:
"Hamıya elə gəlir ki, SOCAR-ın və hökumətin bütün düşüncəsi Azərbaycanda yerin altında nə varsa onu satmağa yönəlməlidir. Yəni bununla da ölkəyə pul gəlməlidir. Şükürlər olsun ki, Azərbaycan XXI əsrdə böyük səhvlər etmir. Biz kərpici kərpicin üzərinə qoyaraq, böyük sürətlə olmasa da, özümüzə uyğun şəkildə yüksələ bilirik. Biznesimizi, ölkəmizin imkanlarını genişləndirir və ətrafdakılardan seçilirik. Çünki biz geriyə yox, irəli gedir və yuxarı qalxırıq.
Azərbaycanda 1948-ci ildən sənaye üsulu ilə neft çıxarılır. Neft və qaz tükənən sərvətlərdir. Tükənməyən insanların bilik-bacarığı və onu kapitala çevirmək bacarığıdır. Bəli, çox insanlarda bilik də, bacarıq da var, amma əksəriyyəti bunu kapitala çevirə bilmir, pessimizmə qapılırlar. Yəni biz ulduz kimi XXI əsrdə Cənubi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrikada texnoloji və kommersiya gəlirliyinə görə, heç bir analoqu olmayan zavod tikə bildik.
SOCAR-ın hər il dərc etdiyi maliyyə göstəricilərinə baxmaq lazımdır. Həmin maliyyə hesabatına diqqət yetirəndə görürük ki, Türkiyədəki biznesi SOCAR-a nə qədər gəlir gətirir. Digər yandan axı, insanlar onu da bilməlidir ki, SOCAR-ın xaricdəki gəlirləri daxildəkindən çoxdur".
İ.Şaban vurğulayıb ki, İtaliyada alınan zavodun məqsədi orada məhsul istehsal edib gətirib burada 1 manat 10 qəpiyə satmaq deyil:
"Onun daşınmasına nə qədər vəsait xərcləmək lazımdır. İtaliya bazarı neft məhsulları baxımından şimali Avropadan sonra Qərbi Avropanın ən bahalı ölkəsidir. İtaliya yanacağının 1 litri heç vaxt 2 dollardan aşağı olmayıb. 2 dollar 3 manat 40 qəpikdir. Söhbət benzindən gedir. Fərqi görürsünüz? Düzdür, yayılan press-relizdə onun qiyməti yox idi. Hələ 1 ay öncə Qərb mətbuatına sızan məlumatlarda qeyd edilir ki, 3 milyard dollarlıq investisiya tələb olunur.
Yenə kimsə başını tutub deyəcək, “pulumuzun olmadığı vaxtda 3 milyardı hara verirlər?”. Heç vaxt məsələyə belə yanaşmaq olmaz. 10 milyon ton emal gücü olan zavodu sıfırdan tikmək 10 milyard dollar tələb edir. SOCAR təkcə İtaliyada iki zavod almır. Bu şirkətin 4500 yanacaqdoldurma məntəqəsi var. Biz indiyə kimi Avropada ən böyük şəbəkəni 2012-ci ilin sonunda İsveçrədə almışdıq, onun 170 yanacaqdoldurma məntəqəsi vardı. Yəni indiki vəziyyətdə birdən-birə həm xammal, həm emal, həm də satış zənciriyi yaradırıq.
İnsanlarda yenə sual yaranır “bizim neftimiz varmı, qurtarır axı”. Ey insanlar, Türkiyədə pambıq varmı? Var, amma çox azdır. Türkiyə o pambığı haradan alır - Mərkəzi Asiyadan, Banqladeşdən tutmuş Afrikaya qədər ərazilərdən. Ancaq Türkiyə Avropada İtaliyadan sonra ikinci tekstil ölkəsidir. Dünyada bir gündə 103 milyon barrel neft çıxarılır. Bazarda kifayət qədər neft var. Kiminlə sənin biznes əlaqələrin güclüdürsə, onun təminatını problemsiz həll edirsən, əlavə dəyər yaradırsan ki, onun da bir hissəsi Azərbaycana mənfəət şəklində daxil olacaq. Şirkətimiz də böyüyəcək. Adicə Malaziyanın “Petronas” şirkətinə baxsaq, Türkmənistanda işləyirdi, gəldi, Azərbaycanda layihələrə qoşuldu. Həmin şirkət Malaziyanın nefti azalandan sonra dünyanın 22 ölkəsində özünün biznesini qurdu. Hər il "Formula 1" üzrə Azərbaycan Qran-prisində bolidlərin üzərində “Shell”, “Exxon” kimi şirkətlərlə yanaşı “Petronas”ı da görürsünüz. Mən arzulayıram ki, bolidlərin üzərində Monokada keçirilən yarışlarda SOCAR yazılsın".