Вернуться назад Распечатать

Bu binalarda qiymətlər günü-gündən qalxır

Azərbaycanda daşınmaz əmlak bazarındakı alqı-satqı əməliyyatlarının böyük hissəsi birbaşa ipoteka kreditləşməsi ilə bağlıdır. Ekspertlərin fikrincə, hazırda mənzil alanların təxminən 40 faizi məhz dövlət xətti ilə və ya bankların daxili kredit proqramları vasitəsilə ev sahibi olur. Bu göstərici ipotekanın bazarda əsas hərəkətverici qüvvə olduğunu təsdiqləyir.

Məsələnin maraqlı tərəfi odur ki, ipoteka təkcə alıcıların sayını artırmır, həm də mənzillərin qiymətini birbaşa diktə edir. Əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, İpoteka Fondunun şərtlərinə cavab verən mənzillərin qiyməti digər daşınmaz əmlaklarla müqayisədə daha sürətlə bahalaşır. Xüsusilə çıxarışı olan yeni binalar və 1970-ci ildən sonra inşa edilmiş 9 mərtəbəli "köhnə tikililər" girov predmeti kimi daha cəlbedici sayılır. Bu səbəbdən həmin kateqoriyadan olan evlərə tələbat kəskin artır, mənzil sahibləri və tikinti şirkətləri isə yaranmış fürsətdən istifadə edərək qiymətləri qaldırırlar.

Bunun əksinə olaraq, fondun girov kimi qəbul etmədiyi 4 və ya 5 mərtəbəli binalarda qiymət artımı o qədər də hiss olunmur. Çünki bu tip mənzillər ipoteka bazarına daxil ola bilmir, bu da tələbatın aşağı düşməsinə səbəb olur. Ekspert qeyd edir ki, mənzil bazarında zəncirvari reaksiya da mühüm rol oynayır. Belə ki, mənzilini ipoteka ilə satan şəxs əldə etdiyi vəsaitlə yenidən bazara qayıdır və başqa əmlak alır, bu da dövriyyəni daha da genişləndirir. Hazırda bankların daxili kredit şərtləri də dövlət ipotekası ilə bənzərlik təşkil etdiyi üçün çıxarışlı mənzillər hər iki mexanizm çərçivəsində qiymət artımının əsas mərkəzində dayanır.

demokrat.az