1xeber.media 1business.media -ın instaqram səhifəsinə istinadən xəbər verir ki, sahibkarlığa keçmək istəyən şəxsin əvvəlcə riskə, qeyri-müəyyənliyə və məsuliyyətə nə dərəcədə hazır olduğunu qiymətləndirməsi vacibdir. Strateq və Kommersiya Direktoru Bahar Dadaşovanın fikrincə, 9-6 iş rejimindən uzaqlaşmaq istəyi hər zaman sahibkarlıq üçün uyğunluq demək deyil.
Mütəxəssis bildirir ki, sahibkarlıqda sabit maaş və zəmanətli gəlir olmur. Yeni biznesdən 3-6 ay, bəzi hallarda isə 9 ay ərzində mənfəət əldə edilməməsi mümkündür. Bu müddətdə əməkhaqqı, ofis icarəsi və digər xərclərin şəxsi vəsait hesabına qarşılanması lazım gələ bilər.
Sahibkarlıq üçün əsas meyarlardan biri daxili intizamdır. Şəxsin üzərində rəhbər, hazır tapşırıq planı və müəyyən edilmiş icra müddəti olmadıqda da işini davam etdirə bilməsi vacibdir.
Yüksək səviyyəli mütəxəssis olmaq da biznes idarə etmək üçün kifayət etmir. Sahibkar nağd pul axını, vergi və hüquq məsələləri, logistika və böhranların idarə olunması kimi prosesləri də bilməlidir.
Maliyyə ehtiyatı da biznesə keçiddə əsas amillərdəndir. Ekspert şəxsin ən azı 6-12 aylıq şəxsi xərclərini qarşılaya biləcək maliyyə ehtiyatı olmadan mövcud işdən ayrılmasının yüksək risk daşıdığını qeyd edir.
Mövcud işi dərhal tərk etmək əvəzinə biznes ideyasını paralel şəkildə sınamaq da mümkündür. İlk müştəriləri tapmaq, bazarı yoxlamaq və məhsula tələbatı ölçmək axşam saatlarında və ya həftəsonu həyata keçirilə bilər. Yeni biznesin dövriyyəsi və tələb etdiyi vaxt əsas işdən daha çox olduqda tam keçid etmək mümkündür.
Ekspertin fikrincə, sahibkarlıq hər kəs üçün uyğun deyil. Korporativ sistemdə güclü mütəxəssis kimi fəaliyyət göstərmək də uğurlu karyera yolu hesab olunur.