İşğaldan azad olunmuş ərazilərə vətəndaşların qayıdışı sürətlə davam edir. Son günlər sosial mediada müzakirə olunan mövzulardan biri də şəhid ailələrinə də Qarabağda evlərin verilib-verilməyəcəyidir.
Bəs görəsən şəhid ailələrinə Qarabağda evlər verilə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu, onların haqqıdır:
"Mən bu təklifləri dəstəkləyirəm. Əvvəla biz Qarabağı sürətlə məskunlaşdırmalıyıq. Köçkünlərin isə Qarabağdakı evlərin ancaq yarısını təşkil edəcəyi məlumdur, çünki orada ermənilər də yaşayıb. İndi köçkünlərə öz evlərini qaytardıqdan sonra yerdə qalan evlərin digər vətəndaşlara verilməsi vacibdir. Onların arasında isə ilk növbədə şəhid ailələri və müharibə əlillərinə üstünlük verilməlidir. Əlavə olaraq müharibə veteranlarından da köçüb orada yaşamaq istəyənlər varsa onlara ev, torpaq verilə bilər. Bu, onların haqqıdır. Yəni Qarabağı qarabağlılara və Qarabağ uğrunda döyüşənlərə vermək daha ədalətli olacaq. Təkcə Xankəndidə 100 minə yaxın əhalinin yaşaması mümkündür. O vaxt bu şəhərin əhalisinin 20 faizini azərbaycanlılar təşkil edirdi, qalan 80 faizi, yəni ermənilərin yaşamış olduğu mənzilləri və evləri dediyim şəxslərə vermək olar. Eləcə də digər şəhər və kəndlərdə belə etmək olar".