
Tələbəlik illəri kağız üzərində ömrün ən parlaq, ən qayğısız dövrü kimi təsvir olunur.
Amma gəlin reallığa baxaq: bu gün bir tələbə üçün ən böyük imtahan auditoriyada deyil, market kassalarında və kirayə mənzil axtarışlarında verilir. Bu gün müasir tələbə təkcə mühazirə qeydlərini deyil, həm də gündəlik büdcəsini santimetr-santimetr hesablamaq məcburiyyətindədir.
Universitetə qəbul olmaq böyük bir sevinclə başlasa da, bu sevinc tezliklə yerini real dünyanın qayğılarına verir. Artan kirayə qiymətləri, nəqliyyat xərcləri, hər gün bahalaşan qidalanma və dərs vəsaitləri tələbənin çiyinlərində ağır bir yükə çevrilir. Çox vaxt dövlətin verdiyi təqaüd mənzil pulunun, yaxud sadəcə yol xərcinin kiçik bir hissəsini bağlamağa bəs edir. Ödənişli əsaslarla oxuyanların dərdi isə ikiqatdır; hər ilin sonunda "təhsil haqqını necə çatdıracam?" qorxusu dərslərə fokuslanmağa imkan vermir.
Bu sıxıntının ən ağrılı tərəfi isə tələbələri erkən yaşda seçim qarşısında qoymasıdır: Elm, yoxsa sağ qalmaq?
Bir çox gənc maddi ehtiyac ucbatından dərsdən sonra gecə növbələrində, ofisiant, kuryer və ya çağrı mərkəzlərində işləməyə başlayır. Nəticədə, səhər auditoriyada yuxulu gözlərlə oturan, potensialını tam aça bilməyən bir nəsil yetişir. Biz onlardan gələcəyin böyük alimlərini, mühəndislərini gözlədiyimiz halda, onlar sadəcə növbəti ayın kirayəsini necə ödəyəcəklərini düşünürlər.
Əlbəttə, dövlətin gənclər üçün yaratdığı Təhsil Tələbə Krediti Fondu (TTKF) kimi mexanizmlər və müəyyən təqaüd proqramları bu yükü bir az yüngülləşdirməyə çalışır. Bu, təhsil haqqı problemini müvəqqəti həll etsə də, gündəlik sosial ehtiyaclar hələ də açıq yara olaraq qalır.
Çıxış yolu haradadır? Bəlkə də gənclərə sadəcə "təhsil alın" deməklə kifayətlənməməli, tələbə kartlarına real güzəştlər tətbiq etməli, universitet yataqxanalarının sayını kəskin artırmalı və gənclərin dərslərini axatmadan işləyə biləcəyi çevik, qısamüddətli (part-time) iş yerlərini stimullaşdırmalıyıq.
Tələbəlik illəri maddi sağ qalma mübarizəsinə yox, gələcəyi qurma arenasına çevrilməlidir. Çünki cibində avtobus pulu olmayan bir gəncdən parlaq bir gələcək mühəndisliyi gözləmək, ən azından, ədalətsizlikdir.
Aidə Tofiqqızı