1xeber.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanda müəssisə və təşkilatlarda 495 minə yaxın işçi işdən ayrılıb. Onların 412,2 min nəfəri, yəni 83,3 faizi öz xahişi ilə işdən çıxıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 10,2 min nəfər işçilərin sayının və ya ştatların ixtisarı səbəbindən işdən azad edilib. 72,6 min nəfər isə digər səbəblərlə işini tərk edib.
Öz ərizəsi ilə işdən ayrılanların payı 2024-cü ildə 84,5 faiz, 2025-ci ildə isə 83,3 faiz olub.
Sahələr üzrə ən yüksək göstərici inzibati və yardımçı xidmətlərdə qeydə alınıb. Bu sahədə işdən çıxanların 95,2 faizi öz ərizəsi ilə gedib. Turizm və ictimai iaşədə göstərici 93,5 faiz, daşınmaz əmlak sahəsində 91,6 faiz, emal sənayesində 91,3 faiz, tikinti və ticarətdə isə 90 faiz olub.
Təhsil sektorunda 2025-ci ildə 33,9 min nəfər işdən çıxıb. Onların 15 mini, yəni 44,7 faizi öz xahişi ilə işini tərk edib, 17,1 min nəfər digər səbəblərlə işdən ayrılıb, 1 660 nəfər isə ixtisara düşüb.