Azərbaycanın Polşadakı səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatı və Polşa Azərbaycanlıları Şurası ilə birgə Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında “Polşada Akkreditə Olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş 17-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib.
Tədbirdə Polşada akkreditə edilmiş əksər diplomatik nümayəndəliklər, bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak ediblər.
1xeber.media xəbər verir ki, tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, badambura və digər təamlar böyük marağa səbəb olub. Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.
Tədbir çərçivəsində Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Duda stendimizi ziyarət edərək nümayiş olunan məhsullar ilə tanış olub.
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti barədə məlumat verib. O, ölkəmizin zəngin mədəniyyətinin özünü ecazkar musiqidə, ritmik rəqslərdə, miniatür rəsmlərdə, əl ilə toxunmuş nəfis xalçalarda, milli mətbəximizdə büruzə verdiyini bildirib.
Səfir Azərbaycan mətbəxinin dünyanın ən zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayıb. Səfir qeyd edib ki, heç şübhəsiz, plovu Azərbaycan mətbəxinin şah əsəri hesab etmək olar. Çoxlu sayda çeşidləri olan bu yemək ziyafətlərdə, bayramlarda, xüsusilə Novruz bayramında masaların “tacı” olur. Səfir zəngin milli mətbəximizin digər nümunəsi olan dolmanın 2017-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edildiyini deyib.
Daha sonra səfir milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslər haqqında danışıb. O, xüsusən “Uzundərə” rəqsi barədə məlumat verib. Səfir bu möhtəşəm rəqsin Qarabağda, Ağdamla Göytəpə arasında yerləşən Uzundərə ərazisində yarandığını, həm toylarda, həm də digər şənliklərdə çox vaxt qadınlar tərəfindən, bəzən isə cütlük şəklində ifa olunduğunu əlavə edib. Səfir rəvayətə görə, gəlin apararkən yolun dərənin içərisindən keçdiyindən və uzun olduğundan, musiqiçilərin gəlini lirik bir musiqi ilə müşayiət etdiyini və bu zaman rəqs etdiyini bildirib. N.Qurbanova dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında “Uzundərə” rəqsinin melodiyasından istifadə etdiyini diqqətə çatdırıb.
Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendə dəvət edib.
Xeyriyyə bazarının bədii hissəsində Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, eləcə də polyak gənclərin ifasında “Uzundərə” rəqsi və “Azərbaycan” mahnısı səsləndirilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə ilk dəfə olaraq Azərbaycanda polyak icmasının nümayəndələrinin sənət əsərləri və əl işləri də nümayiş olunub.
Səfir N.Qurbanova tədbir çərçivəsində Polşanın “TVP3” televiziya kanalında yayımlanan populyar “Dobrego dnia” proqramına və həftəlik “Tygodnik Solidarność” qəzetinə müsahibə verərək zəngin Azərbaycan mədəniyyəti, o cümlədən UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri, rəngarəng milli rəqslər, Azərbaycan stendində nümayiş olunan məhsullar barədə məlumat verib.
Qeyd edək ki, builki xeyriyyə bazarında 50 ölkə iştirak edib.