Вернуться назад Распечатать

“Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib

15 oktyabr 2025-ci il tarixində “Rebuild Karabakh 2025” sərgisinin 2-ci günündə  “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib.

1xeber.media xəbər verir ki,Medianın İnkişafı Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilən müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, britaniyalı tədqiqatçı və yazıçı (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bioqrafiyasının müəllifi) Qrem Vilson, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri Vüqar İbadov iştirak ediblər.

Panel müzakirələri zamanı vurğulanıb ki, hekayəçilik müasir kommunikasiya strategiyalarının əsas tərkib hissəsinə çevrilib. O, yalnız məlumat ötürmək vasitəsi deyil, həm də milli yaddaşın qorunması, mədəni irsin və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün güclü bir alət kimi çıxış edir. Təqdimat formasından asılı olmayaraq Qarabağın dirçəlişinə həsr olunan hər hekayə xalqımızın birliyini, əzmini və milli qürurunu əks etdirir, həm də geniş auditoriyada emosional rezonans yaradır.

Qeyd olunub ki, müasir kommunikasiya və hekayəçilik təcrübələri göstərir ki, lokal hekayələrin beynəlxalq auditoriyaya çatdırılması üçün vizual media, interaktiv platformalar və rəqəmsal kampaniyalar mühüm rol oynayır. Kommunikasiya prosesində empatiya və aidlik hissinin gücləndirilməsi insanların özlərini hekayənin bir parçası kimi hiss etməsinə şərait yaradır.

Dünyada oxşar təcrübələrə nəzər yetirdikdə emosional əlaqə və aidlik hissinin yaradıcı təqdimat vasitələri ilə gücləndikdə ictimai dəstəyi və iştirakçılığı əhəmiyyətli dərəcədə artırdığını görmək olar. Qarabağın dirçəlişi hekayəsi də həm milli, həm də qlobal səviyyədə maraq yaratmaq potensialına malikdir. Hekayələrin təqdimatında vizual və rəqəmsal vasitələrdən istifadə, fotolarla hekayəçilik mesajlarının auditoriya tərəfindən daha dərindən qavranmasına, emosional təsirin güclənməsinə, hadisələrin içində olma hissini yaratmaqla həm də insanları birləşdirən güclü mesaj kimi təqdim etməyə imkan verir.

Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.

Görüşün sonunda çıxışçılara Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi plaket, hər bir spikerin adından müzəffər ordumuzun qazandığı möhtəşəm Qələbəyə həsr olunan və Qarabağda ekoloji tarazlığın bərpasına töhfə məqsədilə bir ağacın ianəsini təsdiq edən “Zəfər Günü” ianə sertifikatı, eləcə də sülh, dayanıqlılıq və bolluq kimi dəyərləri təcəssüm etdirən zeytun ağacı tingləri təqdim edilib.