"Dünən Media Agentliyinin “Media savadlılığı” mövzusuna həsr olunan silsilə tədbirlərin açılışında oldum. Diqqətimi çəkən çıxışlardan biri texnoblogger gəncin çıxışı oldu. O, saxta xəbərlə doğru xəbəri ayırd etməyin texniki tərəflərindən danışdı.“Deep fake” xəbərləri tapmaq üçün proqramlardan və.s bəhs etdi. İngilis dilini də bilməyin vacib olduğunu vurğuladı. Danışıqdan ümumi olaraq belə nəticəyə gəlmək olardı ki, media savadlılığı insanın səviyyəsindən, tərbiyəsindən, biliyindən asılıdır”.
Bu sözləri açıqlamasın da Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib:
“Normal düşüncəsi olan, dünyada baş verən proseslərdən başı çıxan insan nəyin yalan nəyin doğru olduğunu ayırd edə bilir. Ancaq informasiya çoxluğu istənilən adamı müəyyən məqamlarda çaşdıra bilər. Mənbələri də araşdırmaq lazımdır. Rəsmi xəbər yayılıbsa, rəsmi saytlardan dəqiqləşdirmək olar. “ChatGBT” kimi süni intellekt proqramları var. Xəbərin saxta və doğru olduğunu müəyyən etmək üçün süni intellektə də müraciət etmək mümkündür. Məsələn, İlon Maskla bağlı xəbər yayılıb. Şəklin üzərinə vurduqda aydın olacaq ki, o, belə bir ifadə işlətməyib.İnsanlar texniki məqamları bilməsə belə, savadlı olmaq xəbərləri ayırd etməyə imkan verəcək.Savadı artırmaq üçün də məktəblərdən başlayaraq fənn kimi olmasa da, kurs kimi gənclərə öyrətmək lazımdır”.
O bildirib ki, media savadlılığının artması üçün həm jurnalistin, həm də oxucunun savadlı olması lazımdır:
“Xəbəri istehsal edən media insanları yalan xəbər yaymamalıdır. Jurnalist özünə və işlədiyi media subyektinə hörmət edirsə, yalan xəbər yaymaz.
Mən “The Economist”in, “Financial Times”ın verdiyi məlumata inanıram. Hansısa “Şarxəbər” saytının yazdığı məlumatı başa düşürəm ki, hay-küydən, gopdan başqa bir şey deyil. Jurnalist belə üsullara əl atırsa, hoqqabazdır. Cəmiyyət savadlandıqca insanlar belə orqanlara və şəxslərə inanmayacaq. Bu qəzet dövründə də belə idi. İndi informasiya o qədər çoxdur ki, istehlak etmək çətin olur. Hər adam bunu edə bilmir.Oxunmaq üçün çoxlu sayda saxta xəbərlər dərc olunur. İnsanlarımız da dedi-qoduya çox önəm verir”.
Jurnalist qeyd edib ki, media oxucular üçün çalışmalıdır:
“Məsələn, mən dedi-qodunu jurnalistika saymıram. Jurnalist doğru xəbər verməli və xəbəri oxucuya izah etməlidir. Məsələn xəbər verilir ki, Rusiyanın Suriyada bazaları var, ancaq oxucuya həmin bazaların orada olmasının əhəmiyyəti, hazırda Rusiyaya iqtisadi necə ziyan dəydiyi haqqında məlumat verilmir. Ciddi jurnalistika bununla məşğul olmalıdır. Saytlar bunu yazmaq əvəzinə İsraillə Türkiyənin müharibə edəcəyini yazır. Bu mümkün deyil. Türkiyə NATO-da ordu olaraq ikinci ölkədir. İnsanlar dünyada baş verən prosesləri düzgün başa düşməlidir. Nəticə olaraq mətbuat yalana qarşı müharibə aparmalı, insanların qarşısına ciddi xəbərlər çıxarmalıdır”.
Demokrat.az