Вернуться назад Распечатать

Qulu Məhərrəmli: Şuşa Qlobal Media Forumu dünya mediasının əsas müzakirə platformalarından birinə çevrilib

İyulun 13-14-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçiriləcək.

Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu bu il də qlobal media gündəminin ən aktual məsələlərinin müzakirə olunduğu mühüm tədbirlərdən biri olacaq.

Forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunacaqlar.

Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular üzrə panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar keçiriləcək.

Mövzu ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli 1xeber.media-ya açıqlamasında bildirib ki, artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu dünya mediasının qarşısında duran ən mühüm çağırışların müzakirə olunduğu nüfuzlu platformalardan birinə çevrilib.

“Forum çərçivəsində media sahəsində formalaşan yeni tendensiyalar gündəmə gətirilir, qlobal böhranların yaratdığı çağırışlar müzakirə olunur və mövcud problemlərin həlli yolları axtarılır. Bu baxımdan forumun əhəmiyyəti olduqca böyükdür.

Builki mövzu da xüsusi aktuallığı ilə seçilir. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr və silahlı qarşıdurmalar fonunda beynəlxalq sülhün təşviqində medianın rolunun müzakirəyə çıxarılması olduqca vacibdir.

Bu gün televiziya ekranlarında, qəzet səhifələrində və xəbər portallarında daha çox müharibə, partlayış, yanğın və qarşıdurma xəbərləri üstünlük təşkil edir. Təbii ki, bu mənzərə dünyanın bütün vicdanlı insanlarını narahat edir. Məhz buna görə də belə bir mövzunun beynəlxalq platformada müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

Bəzən sual olunur ki, belə bir forum sülhün bərqərar olmasına real töhfə verə bilərmi? Hesab edirəm ki, medianın əsas missiyası cəmiyyətə doğru, dəqiq və qərəzsiz informasiya çatdırmaqdır. Media bu prinsiplərə sadiq qaldıqda həm həqiqətin, həm də sülhün təşviqinə xidmət edir, eyni zamanda auditoriyanın etimadını qazanır.”

Qulu Məhərrəmli vurğulayıb ki, media dezinformasiyanın, saxta xəbərlərin və manipulyativ təbliğatın alətinə çevrildikdə, yaxud hansısa dövlətin və ya siyasi qüvvənin maraqlarına xidmət edərək qərəzli informasiya yaydıqda peşəkar və etibarlı media statusunu itirir.

“Məhz buna görə də bu kimi məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməsi, konkret təşəbbüslərin irəli sürülməsi, media qurumları arasında əməkdaşlığın genişləndirilməsi və medianın sülhə, dialoqa, qarşılıqlı anlaşmaya xidmət edən institut kimi gücləndirilməsi olduqca vacibdir.

Bu baxımdan Şuşa Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi həm simvolik, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıyır.”

Aysel
1xeber.media