Cari ilin yanvar-noyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 129 milyon 200,5 min manatlıq məhsul istehsal olunub.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 83,6 min manat və ya 10,5 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 11,5 faizi dövlət, 88,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
On bir ayda rayonda 15 milyon 841,3 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 12,3 faizini təşkil edir.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-noyabr aylarında rayonda istehsal edilən sənaye məhsulunun 81,9 faizi emal sektorunun payına düşüb.