Həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz alacaq. Bütün xərcləri isə İcbari Tibbi Sığorta qarşılayacaq.
1xeber.media xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova mövzu ilə bağlı İTV-yə danışıb.
O bildirib ki, vətəndaşlar ixtisaslı həkim tərəfindən yazılan elektron resept əsasında agentliklə müqavilə imzalanan özəl apteklərə yaxınlaşaraq dərmanlarını əldə edə biləcəklər:
“Dərmanların tarifləri, qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri apteklərdə müxtəlif qiymətlərə satıla bilər. Xidmətlər zərfində təsiredici maddələri də qeyd olunmaqla hər bir dərman vasitəsinin adı qeyd olunacaq və qarşısında şərti kompensasiya məbləği,yəni sığorta tərəfindən ödənilən məbləğ qeyd olunacaq”.
Qeyd edək ki, vətəndaş sığortanın tam qarşılamadığı dərmanı almaq istəsə, sığortanın ödədiyi məbləğlə aptekdəki qiymət arasında müəyyən fərq yaranacaq ki, bu zaman seçim vətəndaşa qalacaq. Aradakı fərqi ödəməklə sığorta hesabına dərmanı əldə etmək olar. Bu imkandan növbəti ildən yararlanmaq mümkündür.