“COP29 qlobal iqlim problemlərinin müzakirə edildiyi önəmli bir platformadır və burada təhsil sahəsi üzrə irəli sürülən təşəbbüslər dayanıqlı inkişafın əsasını təşkil edir”.
Bu sözləri Azərbaycan Dövlət Pedaqoji Universitetin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov COP29 tədbiri zamanı deyib.
O, təhsil sahəsində bu sammitdən əsas gözləntilərin iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verən daha dayanıqlı, ekoloji həssas və texnoloji yeniliklərə uyğun təhsil sistemlərinin qurulması olduğunu vurğulayıb:
“Bu, yalnız qlobal miqyasda deyil, Azərbaycanın təhsil sektoru üçün də əhəmiyyətli perspektivlər açır. Təhsildə dayanıqlılıq, ilk növbədə, şagird və tələbələrin ekoloji biliklərini artırmağı, iqlim dəyişikliyi ilə mübarizə sahəsində məlumatlılığını genişləndirməyi nəzərdə tutur. COP29 çərçivəsində belə bir gözlənti var ki, təhsil sistemləri bu məsələləri tədris proqramlarına daha geniş şəkildə inteqrasiya etməli, gəncləri ekoloji problemlərə həssas və həll yollarına yönəlik düşünən fərdlərə çevirməlidir. Azərbaycanın ali və orta təhsil müəssisələrində bu yanaşmanın tətbiqi ölkənin iqlim strategiyasına ciddi töhfə verə bilər”.
K.Əsədov deyib ki, sammitdən gözləntilərdən biri də texnologiya və innovasiyanın təhsilə daha geniş inteqrasiyasıdır:
“Bu, həmçinin, təhsil müəssisələrinin infrastrukturunda daha ekoloji həllərin tətbiqi ilə bağlıdır. Azərbaycanın təhsil müəssisələrində “ağıllı məktəblər” konsepsiyasının genişləndirilməsi, enerji səmərəliliyi texnologiyalarının tətbiqi və tədris binalarının bərpa olunan enerji mənbələri ilə təchiz olunması COP29-un əsas məqsədlərindən biri olan karbon izinin azaldılmasına xidmət edə bilər.
COP29 çərçivəsində Azərbaycanın təhsil sisteminə dair daha bir gözlənti beynəlxalq əməkdaşlıqların dərinləşdirilməsidir. UNESCO, OECD və digər beynəlxalq təşkilatlarla birgə layihələr çərçivəsində iqlim mövzularında xüsusi tədris proqramlarının hazırlanması, müəllimlərin və tələbələrin ekoloji məsələlərlə bağlı beynəlxalq təlimlərə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan universitetlərinin bu cür əməkdaşlıqlardan faydalanaraq beynəlxalq reytinqlərdə mövqelərini daha da gücləndirəcəyi gözlənilir”.
Kamran Əsədovun fikrincə, COP29-dan gözləntilər arasında elmi araşdırmaların maliyyələşdirilməsi və təhsildə tədqiqat mərkəzlərinin dayanıqlılıq mövzusunda daha fəal iştirakının təmin edilməsi xüsusi yer tutur:
“İqlim dəyişikliyi ilə bağlı yeni texnologiyaların inkişaf etdirilməsi, ekoloji problemlərin həlli üçün innovativ yanaşmaların araşdırılması yalnız dövlətin deyil, universitetlərin də əsas hədəfi olmalıdır. Bu istiqamətdə COP29-un elmi tədqiqatlara və qrant layihələrinə maliyyə resursları ayrılmasını stimullaşdıracağı gözlənilir. Azərbaycanın təhsil sistemi üçün COP29-dan ən böyük gözlənti isə uzunmüddətli ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Bu, gəncləri təhsil yolu ilə iqlim dəyişikliyilə mübarizədə liderlərə çevirmək məqsədini daşıyır. Sammitin nəticələri çərçivəsində ölkədə iqlim mövzularında maarifləndirici kampaniyaların gücləndirilməsi, ekoloji savadlılığın artırılması və bu istiqamətdə geniş ictimaiyyətin təhsilə cəlb olunması gözlənilir. Nəticə etibarilə, COP29 təhsil sisteminin dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılması və iqlim dəyişiklikləri ilə mübarizədə qlobal səylərə töhfə verilməsi üçün unikal bir imkan yaradır”.
Müsahibimiz deyib ki, Azərbaycanın təhsil sektoru bu sammitin nəticələrindən faydalanaraq daha ekoloji həssas, rəqabətqabiliyyətli və qlobal trendlərə uyğun bir istiqamət götürməlidir:
“Bu, həm gənc nəsillərin gələcəyinə, həm də ölkəmizin ümumi inkişafına xidmət edəcək”.