Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"2024-cü ilin ABŞ prezident seçkilərindən əvvəl İlham Əliyev Donald Trampda sülhsevər və praqmatik xarici siyasət aparacaq lider görürdü. Şuşada keçirilən Qlobal Media Forumda onun ənənəvi və ailə dəyərlərinə verdiyi önəm, həmçinin, Trampın ilk prezidentlik dövründə ABŞ-nin yeni müharibələrə başlamaması ilə bağlı fikirləri diplomatik mesaj idi. Bu uzaqgörən addım seçkilərdən sonra münasibətlərin sürətlə inkişafına zəmin yaratdı. Telefon danışıqları, məktub mübadiləsi və nəhayət, Vaşinqonda keçirilən görüş Azərbaycan və ABŞ hökumətləri arasında strateji əməkdaşlıq xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunun imzalanmasına gətirib çıxardı", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında formalaşan strateji tərəfdaşlıq, həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahələrində geniş perspektivlər açır.
"Bu əməkdaşlıq, ilk növbədə, regional əlaqələrin möhkəmləndirilməsi və enerji sahəsində yeni imkanların reallaşdırılması ilə diqqət çəkir. Azərbaycanın zəngin enerji ehtiyatları, inkişaf etmiş nəqliyyat infrastrukturu və əlverişli coğrafi mövqeyi, ABŞ-nin isə qabaqcıl texnologiyaları və qlobal bazarlara çıxış imkanları qarşılıqlı maraqları tamamlayır. Bunun nəticəsində enerji təhlükəsizliyi, nəqliyyat-tranzit dəhlizlərinin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıla bilər.
Eyni zamanda, tərəfdaşlıq iqtisadiyyatın modernləşdirilməsi və rəqəmsal transformasiya kimi strateji sahələri də əhatə edə bilər. ABŞ-nin süni intellekt, yüksək texnologiyalar və rəqəmsal infrastruktur sahəsindəki təcrübəsi Azərbaycanda innovativ layihələrin həyata keçirilməsinə, startap ekosisteminin inkişafına və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Bu, ölkəmizin iqtisadi rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcək nəsillərin bilik və bacarıqlarının inkişafına da töhfə verir.
Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də təhlükəsizlik və müdafiə sahəsi ola bilər. Geosiyasi baxımdan mürəkkəb bir regionda yerləşən Azərbaycan üçün bu əməkdaşlıq, ordunun modernləşdirilməsi, müasir təlim proqramlarının tətbiqi və terrorizmə qarşı mübarizədə beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi baxımından əvəzolunmazdır. Bütün bu məqamlar birlikdə, Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə daşıyır, qarşılıqlı etimada əsaslanan uzunmüddətli və sabit tərəfdaşlığın təməlini möhkəmləndirir", - o bildirib.
Politoloq qeyd edib ki, səfərin ən simvolik nəticələrindən biri də Donald Trampın “Azadlıq Aktı”nın 907-ci düzəlişinin tətbiqinin dayandırılması ilə bağlı qərarı oldu.
"1992-ci ildə erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən qəbul olunan bu düzəliş, Azərbaycanın Ermənistana qarşı “blokadaya” görə dövlət yardımlarını qadağan edirdi. 11 sentyabr 2001-dən sonra praktiki tətbiq edilməsə də, son illərdə Bayden-Blinken administrasiyası onu Azərbaycanın üzərində təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. İndi bu təzyiq aləti sıradan çıxarıldı. Bu qərar təkcə siyasi əngəlləri aradan qaldırmır, həm də etimad və uzunmüddətli əməkdaşlıq əlamətidir", - o bildirib.
A.Qarayev vurğulayıb ki, təbii ki, Vaşinqondakı danışıqlarda xüsusi önəm Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına yönəlmişdi.
"Son illərdə bölgədə baş verən hadisələr göstərdi ki, uzunmüddətli sabitlik yalnız qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsiplərinə sadiqlik və açıq dialoq əsasında mümkündür. Bu baxımdan, Azərbaycanın mövqeyi həmişə aydın olub - sülh danışıqlarına başlamaq və qonşu dövlətlərlə münasibətləri normal məcraya yönəltmək. Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bu gün regionda sülh təşəbbüslərinin əsas aparıcı qüvvəsinə çevrilib.
İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəli sürdü, real və konkret təkliflər paketi təqdim etdi. Bu addım yalnız ikitərəfli münasibətlərin bərpası üçün deyil, bütövlükdə regionun gələcək inkişafı üçün tarixi əhəmiyyət daşıyır. Sülh gündəliyi təkcə müharibə risklərinin aradan qaldırılması demək deyil. O, həm də yeni iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının açılması anlamına gəlir. Region xalqları üçün daha sabit, təhlükəsiz və firavan gələcək perspektivi formalaşır.
ABŞ-nin bu prosesdə iştirakı isə vasitəçilik baxımından mühüm əhəmiyyət kəsb edir. Vaşinqtonun strateji tərəfdaşlıq çərçivəsində sülh təşəbbüslərinə verdiyi dəstək, tərəflərin dialoqun davamlı olmasına, razılaşmaların icrasına və regionda uzunmüddətli sabitliyin təmin olunmasına şərait yarada bilər. Əslində, sülh gündəliyi Azərbaycan üçün diplomatik qələbədir. Çünki bu mərhələyə çatmaq üçün illərlə ardıcıl siyasət yürüdülüb, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici formalaşdırılıb və regiondakı reallıqlar qəbul etdirilib. Bu gün region üçün əsas çağırış, əldə olunan tarixi fürsətin itirilməməsi və sülhün söz yox, əməl müstəvisinə keçməsidir. Azərbaycan isə bu prosesin lideri olaraq, həm regional, həm də qlobal səviyyədə məsuliyyətli mövqeyini qoruyur. Vaşinqtonda imzalanan Birgə Bəyannamə də bunun bariz sübutudur", - o bildirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri, iki ölkə arasında etimada əsaslanan münasibətlərin yeni mərhələsinin başlanğıcıdır.
"Vaşinqtonda imzalanan sənədlər, aparılan yüksək səviyyəli danışıqlar və qarşılıqlı iradə, Azərbaycan-ABŞ münasibətlərinin gələcək onilliklər üçün strateji əsasını möhkəmləndirir. Burada, təbii ki, əsas rollardan biri də məhz Prezident İlham Əliyev ilə Donald Tramp arasındakı münasibətlər oynayır. Bu səfər, həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş və söz sahibi dövlət kimi mövqeyini bir daha təsdiqləyir. Azərbaycan bu gün artıq təkcə regional enerji və nəqliyyat layihələrinin mərkəzində dayanan ölkə deyil, həm də sülh təşəbbüslərinin aktiv təşviqçisi, rəqəmsal və texnoloji yeniliklərin tətbiqində önəmli tərəfdaş kimi tanınır.
ABŞ ilə qurulan yeni əməkdaşlıq formatı, ölkəmizin modernləşmə, iqtisadi şaxələndirmə və təhlükəsizlik sahələrində hədəflərinə çatmasına mühüm töhfə verə bilər. Bu səfərin yaratdığı siyasi impuls, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və sülhün təmin olunması üçün beynəlxalq ictimaiyyətə açıq mesajdır.
Eyni zamanda, Azərbaycanın inkişaf yolunda tək olmadığını, möhkəm tərəfdaşlıqlara söykənən, balanslı və uzaqgörən xarici siyasət yürüdən bir dövlət olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Vaşinqtona səfəri, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə fəal və məsuliyyətli oyunçuya çevrildiyini göstərir. Nəticə etibarilə, bu səfər təkcə diplomatik hadisə deyil, həm də ölkəmizin strateji gələcəyini müəyyənləşdirən, iqtisadi və siyasi üfüqlərini genişləndirən mühüm bir məqamdır", - A.Qarayev əlavə edib.