Вернуться назад Распечатать

Dünən Xankəndi, bu gün Qəbələ

Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti baş tutacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə təşkilat üzv və müşahidəçi ölkələrin liderləri dəvət olunub. 

Sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və Şimali Kipr Prezidenti Ersin Tatar tədbirdə iştirak edəcək.

Zirvənin məhz Qəbələdə keçirilməsi Azərbaycanın regional diplomatiyasında yeni səhifə açır. Bu qərar bir tərəfdən ölkənin turizm potensialına diqqəti yönəldir, digər tərəfdən isə regionların artıq beynəlxalq səviyyəli tədbirləri qəbul edə biləcək qədər inkişaf etdiyini göstərir.

Son illərdə Azərbaycanda baş verən regional dəyişikliklər ölkənin siyasi xəritəsini yenidən formalaşdırıb. Bir vaxtlar yalnız paytaxtda keçirilən beynəlxalq toplantılar indi Şuşa, Gəncə, Laçın, Şamaxı, Qəbələ və Xankəndi kimi şəhərlərdə baş tutur. Hər yeni tədbir bir bölgənin həm iqtisadi, həm də mədəni baxımdan güclənməsi deməkdir.

Diplomatik xəritədə Azərbaycan regionları 

Qəbələnin sammit üçün seçilməsi təsadüfi deyil. Şəhər son on ildə Azərbaycanın ən çox beynəlxalq tədbir keçirilən bölgələrindən birinə çevrilib. İnfrastruktur baxımından burada hava limanı, beşulduzlu otellər, konfrans mərkəzləri və təhlükəsizlik baxımından bütün texniki şərtlər mövcuddur. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Rəsm Sərgiləri, Mədəniyyət Forumu və indi də Türk Dövlətləri Təşkilatının sammiti bu şəhərin artıq beynəlxalq səviyyəyə çıxdığını təsdiqləyir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın hər bir regionu bu gün yüksək səviyyəli tədbirləri qəbul etməyə qadirdir:

“Bütün rayonlarımızda infrastruktur var. Hava limanlarımız, otellərimiz, logistika imkanlarımız hazır vəziyyətdədir. Qəbələ bu potensialın simvoluna çevrilib. Hər regionun tanıdılması Azərbaycanın diplomatik xəritəsini genişləndirir”.

Bölgələr diplomatiyanın yeni mərkəzinə çevrilir

Azərbaycan beynəlxalq tədbirləri paytaxtdan kənara çıxararaq dövlət idarəçiliyində yeni model formalaşdırıb. Ötən il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti keçirildi, mədəniyyət paytaxtında Beynəlxalq Media Forumu təşkil olunur. Laçında müxtəlif beynəlxalq konfranslar, Zəngilanda Şəhərsalma Forumu, Gəncədə MDB oyunları, Şamaxıda mədəniyyət festivalları baş tutur. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu il keçirilən zirvə toplantısının Xankəndidə baş tutması da təsadüfi deyil. 

Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, bu proses təkcə inzibati qərar deyil, həm də iqtisadi zərurətdir:

“Regionlarda keçirilən tədbirlər infrastrukturun yenilənməsinə, turizmin canlanmasına və yerli sahibkarlığın dirçəlməsinə səbəb olur. Hər tədbir bir bölgənin adını dünyaya tanıdır. Qəbələdə keçirilən zirvə toplantısı da bu zəncirin davamıdır”.

Deputatın fikrincə, paytaxtın üzərinə düşən yük azalır, eyni zamanda ölkənin iqtisadi inkişafı balanslaşdırılır:

“Bakı artıq tək mərkəz deyil. Azərbaycanın istənilən bölgəsi bu gün qlobal səviyyəli tədbirə ev sahibliyi edə bilir. Bu, ölkənin ümumi idarəetmə fəlsəfəsində dəyişiklik yaradır və regionların rolunu strateji səviyyəyə qaldırır”

Turizm diplomatiyanın davamıdır

Qəbələ, Şuşa və Şamaxı kimi bölgələr diplomatiya ilə turizmin kəsişdiyi məkanlara çevrilib. Xarici nümayəndə heyətləri bu şəhərlərdə keçirilən tədbirlər vasitəsilə Azərbaycanın mədəniyyətini, qonaqpərvərliyini və modern simasını yaxından görürlər. Sammit, forum və idman oyunları zamanı otellərin doluluq səviyyəsi yüksəlir, restoran və xidmət sektorları canlanır, yüzlərlə yerli iş yeri yaranır.

Regionların beynəlxalq tədbirlərə açılması təkcə iqtisadi gəlir deyil, həm də imic qazandırır. Xarici liderlərin Qəbələdə, Şuşada və ya Xankəndidə bir araya gəlməsi Azərbaycanın təhlükəsiz, sabit və müasir dövlət kimi təqdimatını gücləndirir. Bu, siyasi mesajdır: ölkənin bütün əraziləri eyni səviyyədə inkişaf edir və hər biri diplomatik xəritədə öz yerini tutur.

İndi artıq Azərbaycan diplomatiyası yalnız paytaxtda deyil, bütün ölkə miqyasında fəaliyyət göstərir. Qəbələdə keçirilən sammitin mənası da budur, Azərbaycanın regionları qlobal məkana açılır, yerli iqtisadiyyat və turizm isə bundan real fayda götürür.

Beynəlxalq tədbirlərin regionlara yayılması dövlətin strateji niyyətini ifadə edir. Azərbaycanın hər guşəsi həm milli, həm də beynəlxalq səviyyədə öz rolunu oynayır. Belə görünür ki, bu, uzunmüddətli dövlət konsepsiyasıdır.