Tramp bildirib ki, ötən ilin avqustunda imzalanmış sülh razılaşmasına sadiq qaldıqları üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edir. ABŞ prezidenti həmin müharibəni “bitirdiyi səkkiz münaqişədən biri” kimi xarakterizə edərək, hazırda regionda sülh və rifah mərhələsinin başladığını vurğulayıb.
Trampın açıqlamasına görə, 2026-cı ilin fevral ayında ABŞ vitse-prezidenti Cey Di Vens həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Səfərin məqsədi sülh prosesinin möhkəmləndirilməsi və Tramp administrasiyasının “Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırdığı strategiyanın irəli aparılmasıdır.
ABŞ prezidenti paylaşımında qeyd edib ki, Vaşinqton:
• Azərbaycanla strateji tərəfdaşlığı gücləndirəcək,
• Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə sazişlər imzalayacaq,
• ABŞ-ın iri yarımkeçirici istehsalçıları üçün yeni razılaşmalar əldə edəcək,
• “Made in USA” markalı müdafiə təyinatlı məhsulların, o cümlədən bədən zirehləri və dəniz vasitələrinin Azərbaycana satışını genişləndirəcək.
Tramp paylaşımını “Təşəkkür edirəm!” sözləri ilə yekunlaşdırıb və bəyanatı “Prezident DJT” imzası ilə təqdim edib.
Bu açıqlama ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin anonsu kimi qiymətləndirilir və vitse-prezident Vensin Bakıya səfəri regionda diplomatik gündəmin əsas mövzularından biri olacağı gözlənilir.
Musavat.com
