Вернуться назад Распечатать

Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri

 

Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika
müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o
cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir.
Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir.
Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər.
Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Ölkələrimizin müstəqilliyinin
bərpasından sonra münasibətlərimiz daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib.
Qeyd edilməlidir ki, ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-
da qurulub. Həmin vaxtdan bu günədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata
keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları
baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq bu ölkələri birləşdirən
əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki
“Dostluq” neft yatağının birgə işlənilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşma Xəzərin
hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına
təkan verib. Məhz həmin sənəd təkcə iqtisadi deyil, həm də siyasi güvənin simvoludur.
Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5
işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən
Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında
yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-loqistika qovşaqları
olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi
çıxış edirlər. Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin
həcmi 15 faiz artaraq 2,344 tona çatıb.
Nəqliyyat sektorunda bu aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur.
2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil
edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon
dollar olaraq qeydə alınıb. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin
təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.
Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm
də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində
Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq
münasibətlərinin ən ali təzahürüdür.
İyunun 22-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan
Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham
Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə
görüşləri keçirilib.
Səfər günlərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda
hədiyyə olunması mərasimi keçirilib.
Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış 12 mühüm sənədlərin
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi keçirilib, iki ölkə rəhbərləri prezidentlərin
Birgə Bəyanatını imzalayıblar.
Rəsmi gürüşlərdən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki,
“Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində
qurulub”.
Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin
inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli
şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və
əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının bildirdiyi
kimi: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim

birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı
fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Prezidentlərin görüşü zamanı nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı.
Qeyd edildi ki, “ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter
daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də
geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında
əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də
çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi
qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi
qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi.
Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də
üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı
fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki,
həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.
Vurğulanıb ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji
ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə
əməkdaşlıq etmək niyyətindədirlər.
Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu
münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar
fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin
formalaşması qaçılmazdır.
Tarix, dil, mədəniyyət və mənəviyyat bağları ilə bir-birinə sıx bağlı olan bu iki xalqın
münasibətləri yalnız bu günün deyil, sabahın da uğurlarını şərtləndirir. Qarşılıqlı etimada,
strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan bu əlaqələr regionda sabitliyin və rifahın
təmin olunmasına mühüm töhfə verəcək.
Elçin Nəsibov,
Sabirabad rayonu "Kür-Araz" qəzetinin baş redaktoru