“Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər”.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən və Qroznı səmasında hücuma məruz qalaraq zədələnən AZAL təyyarəsinin Akrau yaxınlığında qəzaya uğraması haqda danışarkən deyib.
“Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”, – Prezident bildirib.
Qeyd edək ki, təyyarəmiz qəzaya uğrayarkən bələdçi Hökümə Əliyeva sərnişinlərə verdiyi təlimatlarla onların həyatını xilas etmişdi. Xüsusən stresli məqamda sərnişinlərə təlimat verib “hər şey yaxşı olacaq” deməsi ictimaiyyətdə böyük qürurlar xatırlanır.