Dendrologiya İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova çıxış edərək bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini vurğulayıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunmasını da diqqət mərkəzində saxlayır. Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.
Tədbirin sonunda gənclərə təşəkkürnamələr təqdim olunub.