Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.
1xeber.media xəbər verir ki, bu nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc edilib.
Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini də nəşr edib. Bu jurnalda 2025/2026-cı tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 28 avqust – 2 sentyabr tarixlərində aparılacaq.
Bundan əlavə, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2024-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. //shorturl.at/B4g0M