İngiltərənin London Universitetinin alimləri simsiz məlumat ötürmə sürəti üzrə 938 Gbit/s-ə çataraq yeni dünya rekordu müəyyənləşdiriblər.
1xeber.az xəbər verir ki, bu barədə “Journal of Lightwave Technologies” nəşri məlumat yayıb.
Məlumata görə, bu nəticəyə nail olmaq üçün alimlər 5 GHz-dən 150 GHz-ə qədər tezlik diapazonundan istifadə edib. Beləliklə, alimlər əvvəlki rekorddan beş dəfə çox nəticə əldə ediblər.
Nəşrin məlumatına görə, yeni texnologiya Böyük Britaniyada orta 5G şəbəkə sürətindən 9380 dəfə yüksəkdir. Alimlər bu nəticəyə nail olmaq üçün ənənəvi simsiz şəbəkələrin məhdudiyyətlərini aradan qaldıra və ilk dəfə radiotezlik və optik texnologiyaları birləşdirə biliblər.
Yeni texnologiya 5-50 GHz diapazonunda elektronikanın, 50-150 GHz diapazonunda fotonikanın istifadəsini nəzərdə tutur ki, bu da mövcud tezlik diapazonunu əhəmiyyətli dərəcədə genişləndirir və məlumatların ötürülmə sürətini artırır.
Təcrübə göstərir ki, yeni yanaşma internetlə istifadəçilər arasında məlumat mübadiləsini sürətləndirir. Gözlənilir ki, yaxın gələcəkdə mobil cihaz istifadəçiləri 5G-dən 6G-yə keçərkən qoşulmanın sürətini və sabitliyini hiss edə biləcəklər və geniş diapazonlu tezliklər insanların sıx olduğu yerlərdə sıxlığın qarşısını almağa kömək edəcək.
Məsələn, 5G şəbəkəsində 19 dəqiqə çəkən 4K filmin yüklənməsi yeni texnologiya ilə cəmi 0,12 saniyə çəkəcək. Bu sistem həm də fiber optik birləşmələrin mümkün olmadığı mühitlərdə, məsələn, mürəkkəb avadanlıqları olan fabriklərdə faydalı olacaq.
Texnologiya yalnız laboratoriyada sınaqdan keçirilsə də, kommersiya istifadəsi üçün prototipin hazırlanmasına artıq başlanılıb.
Alimlərin hesablamalarına görə, texnologiya üç illə beş il arasında istifadəyə hazır olacaq və rəqəmsal rabitənin inkişafına mühüm təsir göstərəcək.