1xeber.media xəbər verir ki, tanınmış iş adamı, "Liatris Holding" in sahibi Ruhi xanım Əliyevanın doğum günü qeyd olunub.
Xatırladaq ki, Ruhiyyə (Ruhi) Əliyeva 1977-ci ilin 8 mart tarixində Azərbaycanın Tovuz şəhərində yerləşən Aşağıeyyublu kəndində dünyaya göz açıb. Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirib. Ruhi peşəkar səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb.
2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeiri öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir. Ruhi Əliyevanın bu gün də sevərək dinlədiyimiz “Sevdim”, “Mən ölərəm”, “İki damla”, “Güllərim soldu” və bir neçə maraqlı ifaları var. Hazırda onun 10-a yaxın klipi mövcuddur. Ruhi həm də “Dəb İkonası” təxəllüsü ilə tanınır. Belə ki, o, 2008-ci ildə dünyaca məşhur “Best Model of the World” yarışmasının Azərbaycan üzrə təsisçisi olub. Layihənin qalibini şəxsən özü mükafatlandırıb. Dəb aləm ilə geniş maraqlanan R.Əliyeva bir neçə televiziya layihəsini də həyata keçirib. O, ATV kanalında yayımlanan “Özünə bax” və “DəbSiz” verilişlərinin aparıcısı və müəllifi olub. Ruhi Əliyeva “Qrand”, “Uğur Zirvəsi” kimi saysız-hesabsız mükafatların sahibidir.
Eyni zamanda hal-hazırda R TV YouTube kanalında yayımlanan "Qaranlıqda Həqiqət" proqramının aparıcısı kimi ictimai -siyasi və mədəni mövzuları əhatə edən məsələləri ictimaiyyətə təqdim edir.
1xeber.media kollektivi adından Ruhi xanımı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!