Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik”.
Bunu noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.