Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan 130 nəfər işdən çıxarılıb.
1xeber.az APA TV-yə istinadən xəbər verir ki, işdən azad olunan şəxslər öz narazılıqlarını bildiriblər.
Şikayətçilərin sözlərinə görə, onlar işsiz qaldıqları üçün maddi çətinlik çəkirlər, ailələrini dolandıra bilmirlər: “İki azyaşlı övladım var. Üç gündür vicdan əzabı çəkirəm. Mən nə yedizdirim onlara?!”
Məsələyə münasibət bildirən Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov deyib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır: “Bir neçə həftə əvvəl onlara bildiriş vərəqəsi təqdim olunub. Onlar bu bildirişləri oxuyub, tanış olub və imza atıblar. Növbəti həftədə bir neçə şəxsin işdən çıxarılması da gözlənilir”.
***
Dövlət Su Ehtiyatları Agentliyindən saytımıza bildirilib ki, 29 may 2024-cü ildə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsinin strukturu və ştat cədvəli təsdiq edilib:
“Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.
İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir.
Qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunur. İşçilərin bir qisminin Agentliyin tabeliyindəki digər sturktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur”.
Ətraflı videomaterialda: