Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakıda “Milli Nazirlik Bəyanatları – Yeni Şəhərsalma Proqramının gedişatı” mövzusunda nazirlər səviyyəsində görüş keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə 100-dən çox ölkənin nümayəndəsi çıxış edib.
WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin yarıdan çoxu yaşıl zona olacaq.
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir şəhərsalma prinsipləri əsas prioritetlərdəndir”, - deyə A.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.
O, söyləyib ki, 2028-ci ilədək bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr “ağıllı” infrastruktur, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir.
Qeyd edilib ki, şəhərsalma sahəsində qarşıya çıxan çağırışların həlli yalnız milli səylərlə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər. Bu baxımdan təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və texniki biliklərin paylaşılması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə, həmçinin şəhərlərin iqlim dəyişikliyinə davamlılığının artırılması, yaşıl infrastrukturun genişləndirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi və ekoloji risklərin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.