Siyasi şərhçi Heydər Oğuz Putin-tramp görüşünü analiz edib.
1xeber.media çıxışı təqdim edir:
Tramp görüşdə qarşıya qoyduğu ana məqsədə çatmadığını özü də etiraf edib. O, danışıqları “böyük irəliləyiş” adlandırsa da, əsas məsələlərin həll olunmamış qaldığını bildirib.
Bununla belə, beynəlxalq izolyasiya altında olan Vladimir Putinin Alyaskada ayağının altına qırmızı xalı salınaraq qəbul edilməsi müasir dünyanın 1 nömrəli diktatorunu mükafatlandırmaq demək idi. Bu mənada Alyaska görüşünün baş tutmasının özü belə, Putinin xanasına yazılmış ən yüksək baldır.
Alyaska görüşündə Putinin F-22-lərin yanından keçirildiyi anda başının üzərindən bir də B-2, F-35 təyyarələrinin uçurulması Rusiya liderinə göstərilmiş ən böyük göz dağı idi. Putin nə qədər hisslərini gizlətməyə çalışsa da bu psixoloji həmlədən xeyli təsirləndiyini sezməmək mümkün deyildi. Adamın gözləmədiyi sürprizlərdən üz-gözünün əyildiyi açıq-aşkar sezilirdi. Yəqin ki, bundan sonrakı mərhələlərdə Putin sözügedən mesajdan nəticə çıxararaq hərəkət edəcək. Böyük ehtimalla, Medvedyevə bundan sonra nüvə təhdidləri verdirərkən iki dəfə düşünməli olacaq. Xüsusilə B-2 təyyarəsinin nümayişkaranə şəkildə Rusiya prezidentinin başı üzərindən uçurulması ABŞ-ın nüvə savaşından çəkinmədiyini göstərirdi. Zira B-2 təyyarəsinin əsl təyinatı atom bombası daşımaqdır və onun hansısa aeroportu qorumaq, yaxud hərbi paradda iştirak etmək missiyası yoxdur. ABŞ onu Putinin başı üzərindən uçurmaqla rəsmən Rusiya liderini təhdid edirdi.
Putinin “növbəti görüşü Moskvada keçirək” təklifinə Trampın yarı-könül şəkildə “baxarıq” cavabı verməsi ABŞ prezidentinin bir də belə səhvə yol verməyəcəyini göstərirdi. Fikrimcə, Tramp Rusiyaya əks-mesaj imkanı verməmək üçün onunla həm də Rusiyada görüşmək fikrinə düşməyəcək.
Putinlə Tramp arasında görüşdə əldə edilən yeganə nəticə, böyük ehtimalla, Rusiyanın təbii sərvətlərinin birgə istismarı ola bilər. Amma Rusiyanın təcavüzkar siyasətinin bunu belə şübhə altına salır. Hər halda, ABŞ təkcə Tramp tərəfindən idarə olunmur, onun qədər səlahiyyətlərə sahib olan Konqres və Senat var. Və hər 2 ildən bir bu qanunverici orqanların tərkibi dəyişilir.
Putinin Alyaska görüşünə gəlməkdə əsas məqsədi Rusiyaya tətbiq olunan sanksiyaları yarmaq idi. Görüşün Trampın istədiyi səviyyədə uğurlu alınmaması bu ehtimalı da zəiflədir.
Putin böyük ehtimalla, Alyaskaya səfərinə çıxarkən Trampla bərabər dünyanı bölüşdürəcəyi xəyalı qururdu. Tramp nə qədər təcrübəsiz diplomat olsa da, yaxşı maklerdir. O, gözəl başa düşür ki, dünya üzərində Putinin öz təbiri ilə desək, ciddi kartları yoxdur. Yəqin ki, görüşdə ona nə söz verməsindən asılı olmayaraq, bu sövdələşməyə getməyəcək.
Tramp da əslində bu görüşdən böyük bir nəticə gözləmirdi və Ukrayna müharibəsinin bitməsi onun da məqsədinə uyğun deyildi. ABŞ prezidentinə Avropa ölkələrini müharibə təşvişi altında saxlamaq və onlara uzun müddət yüz milyardlarla dollarlıq silah satmaq daha sərf edir. Düşünürəm ki, Putinin çətin “islah olunan cani” qismində Avropalı müttəfiqlərinə təqdim etmək planı işə yaradı.
Bundan sonra Avropanın Ukrayna məsələsinə daha ciddi fikir ayırması lazım gələcək. Xüsusilə də Rusiyanın Avropadakı qalası Serbiyada başlayan iğtişaşlar Moskvanı “qoca qitə”nin dərinliklərinə çəkə biləcəyini də hesaba qatsaq, Qərb ölkələri Moskva ilə can ü dildən hesablaşmağa məcburdur.
Bir sözlə, Alyaska görüşündən həm Putin, həm də Tramp istədiyini aldı. Fikrimcə, görüşün nəticələri barədə ən gözəl təsbiti Trampın keçmiş milli təhlükəsizlik müşaviri olan, indi isə onun ən radikal düşməni sayılan Con Bolton edib və mən də onun bu fikirləri ilə razıyam: “Alyaska görüşündə Tramp uduzmadı, amma Putin açıq-aşkar qalib gəldi”.