Azərbaycanda torpaq alqı-satqısı zamanı bəzi vətəndaşlar rəsmi müqavilə bağlamaq əvəzinə etibarnamə ilə kifayətlənirlər. İlk baxışdan daha rahat və sürətli görünən bu üsul sonradan ciddi hüquqi problemlərə yol aça bilər. Xüsusilə, çıxarışı olmayan torpaqlarla bağlı risklərin artdığı bir vaxtda, etibarnamə ilə alınan əmlakın gələcək taleyi də müzakirə mövzusuna çevrilib.
Görəsən, etibarnamə ilə torpağa çıxarış almaq mümkündürmü?
Mövzu ilə bağlı konkret.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, torpağın çıxarışı, yəni kupçası yoxdursa, həmin əmlak rəsmi şəkildə satıla bilməz:
“Çıxarış olarsa, alqı-satqı aparmaq mümkündür. Bəzən tərəflər alqı-satqı müqaviləsi bağlamaq əvəzinə etibarnamə ilə kifayətlənirlər. Lakin etibarnamə torpağın satılması demək deyil. Bu sənəd sadəcə bir şəxsin digərinə onun adından müəyyən işləri görmək üçün verdiyi icazədir”.
Hüquqşünasın sözlərinə görə, vətəndaş torpağın pulunu ödəsə belə, yalnız etibarnamə əsasında həmin əmlakın sahibi hesab olunmur:
“Gələcəkdə torpağa kupça verilərsə, çıxarış yenə də torpağı satan şəxsin adına rəsmiləşdiriləcək. Etibarnamə alan şəxs isə hüquqi baxımdan mülkiyyətçi sayılmır.
Etibarnamə etibarlı hüquqi təminat hesab edilmir. Belə ki, sənədi verən şəxs istənilən vaxt onu ləğv edə bilər. Bundan əlavə, etibarnamə verən şəxs vəfat etdikdə sənəd avtomatik qüvvədən düşür. Hüquqşünas vətəndaşlara tövsiyə edib ki, torpaq alarkən yalnız rəsmi çıxarışı olan əmlaklara üstünlük versinlər və alqı-satqını notarial qaydada rəsmiləşdirsinlər”.















