Paytaxt və ətraf ərazilərdə bağ evlərinin kirayə qiymətlərinin geniş aralıqda, 1000 manatdan başlayaraq on minlərlə manata qədər dəyişməsi diqqət çəkir. Bu fərqlər həm bazarın strukturu, həm də tələb və təklif balansı ilə bağlı suallar yaradır. Bəs, qiymətlərin bu qədər dəyişkən olmasının səbəbləri nədir və yüksək məbləğlərə baxmayaraq bağ evlərinə tələbat niyə azalmır?
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bunun əsas səbəbi mövsümlülük faktorudur.
"Yəni qısa müddət ərzində tələbat kəskin şəkildə artır və nəticədə qiymətlər yüksəlir. Təklif məhdud olduğu halda, tələbin qısa dövrdə artması bağ evlərinin qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Bu da klassik tələb-təklif qanununun təsiridir. Həmin biznesdə mövsümlülük yüksəkdir. Qiymətlərin geniş aralıqda dəyişməsi isə bazarın seqmentasiyası ilə bağlıdır. Təklif olunan məhsullar eyni deyil. Orta səviyyəli bağ evləri aylıq təxminən 1000–3000 manat aralığında olur. Premium və VIP villalar isə daha yüksək qiymətlərlə, 10 min manatdan yuxarı təklif olunur. 40 min manatlıq qiymətlər də mümkündür və bu, daha yüksək seqmentə aiddir".
Ekspert bildirib ki, qiymətə təsir edən əsas amillərdən biri yerləşmədir.
"Mərdəkan və Bilgəh kimi ərazilərdə bağ evləri daha bahadır. Bunun səbəbi dənizə yaxınlıq, şərait, hovuzun olması, sahənin genişliyi, landşaft və ümumi mühitdir. Eyni xüsusiyyətlərə malik bir bağ evi Novxanı ərazisində daha ucuz ola bilər, lakin Mərdəkan-Bilgəhdə daha yüksək qiymətə təklif olunur. Çünki bu ərazilər daha prestijli və elit mühit kimi tanınır, infrastrukturu və yol şəraiti də daha yaxşıdır. Qiymətlərin yüksək olmasına baxmayaraq, bazarda tələb mövcuddur. Mövsüm faktoruna görə insanlar eyni vaxtda eyni məhsula yönəldikdə qiymətlərin artması normal hal hesab olunur. Eyni zamanda vətəndaşların gəlirlərinin artması da bu prosesə təsir edir. 20–30 min, hətta 40 min manatlıq kirayə götürən şəxslər varsa, bu o deməkdir ki, bu qiymətləri ödəyə bilən alıcı qrupları mövcuddur".
Onun sözlərinə görə, bundan əlavə, günlük kirayə bazarı da qiymətlərin formalaşmasına təsir edir.
"Məsələn, orta səviyyəli bağ evlərinin gündəlik qiymətləri 200–300 manat civarında olur. Günlük kirayələrin geniş yayılması da ümumi qiymətlərin yüksəlməsinə təsir göstərir. Nəticə etibarilə, qiymətlərin yüksək olması bazarda müştərinin mövcudluğu ilə bağlıdır. Daha yüksək məbləğ ödəyən şəxslər isə daha geniş imkanlar, daha yüksək komfort və lüks xidmətlər əldə edirlər və bu da həmin qiymətləri formalaşdıran əsas amillərdəndir".

















