Bununla yanaşı, mənfi tərəflər də mövcuddur. Əgər pensiya yaşı məcburi şəkildə artırılarsa, gənc kadrların işə qəbul imkanları azalacaq, bu isə sistemin təzələnməsini ləngidəcək. Hazırda hər il 7-8 min gənc pedaqoji və tibb ixtisası üzrə ali məktəbi bitirir. Onların böyük hissəsi ya ixtisas üzrə iş tapa bilmir, ya da aşağı maaş səbəbindən sistemi tərk edir. Bu baxımdan, yaşlı kadrların uzunmüddətli saxlanılması gənc mütəxəssislərin motivasiyasına mənfi təsir göstərə bilər. Elm və Təhsil Nazirliyinin apardığı son islahatların məqsədi təcrübə və gəncliyin balanslaşdırılmasıdır. Buna görə də, pensiya yaşının artırılması məsələsi məcburi deyil, könüllü mexanizm üzərində qurulmalıdır".

K. Əsədov bildirib ki, dünya təcrübəsi bu baxımdan maraqlıdır.

"Finlandiyada müəllimlər üçün pensiya yaşı 63 olsa da, istəyə görə 68 yaşadək işləməyə icazə verilir. Yaponiya və Almaniyada səhiyyə işçiləri üçün “yarı ştat” prinsipi tətbiq edilir – yaşlı həkimlər klinik fəaliyyətlə yanaşı, gənc mütəxəssislərin mentorluğu ilə məşğul olurlar. Bu model həm təcrübənin ötürülməsini, həm də nəsillərarası peşəkar harmoniyanı qoruyur. Azərbaycan da bu istiqamətdə addımlar ata bilər: pensiya yaşına çatmış müəllim və həkimlər üçün “mentor” və “konsultant” statusu yaradılarsa, bu, həm onların sosial təminatını yaxşılaşdırar, həm də sistemin yenilənməsinə mane olmaz.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin mövcud kadr siyasəti göstərir ki, məqsəd təkcə yaşlı mütəxəssisləri sistemdə saxlamaq deyil, həm də onların bilik və təcrübəsini gənclərin inkişafına yönəltməkdir. Bu, son illərdə keçirilən müəllim sertifikasiyası, direktorların attestasiyası və “Ustad müəllim” təşəbbüsü kimi proqramlarda özünü göstərir. Beləliklə, pensiya yaşının artırılması təşəbbüsü yalnız kadr çatışmazlığına qarşı deyil, həm də peşəkar davamlılığın qorunması məqsədi daşıyır".