Ekspert isə cədvəlin ədalətsiz olduğunu açıqladı
“Global Firepower” agentliyi 145 ordunun yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan dünyanın ən güclü orduları siyahısında 60-cı yerdə qərarlaşıb. Qeyd edək ki, qurum hər il ölkələrin silahlı qüvvələrini avadanlıq və personalın sayı, maliyyə vəziyyəti, resursların mövcudluğu və digər amillər daxil olmaqla, 60 göstərici üzrə müqayisə edir. Hərbi güc təkcə ordunun göstəriciləri ilə deyil, həm də onun aktivləri - gəmilər, təyyarələr, müdafiə büdcəsi və təbii sərvətlərə (neft, kömür) çıxışı ilə müəyyən olunur.
ABŞ ən böyük hərbi büdcə və geniş hərbi-texniki arsenalına görə yenidən birinci yeri tutub. Rusiya güclü artilleriyası və üstün yaylım raket sistemləri ilə ikinci yerdədir. Çin dəniz gücünə görə lider olaraq üçüncü yeri tutur. Hindistan dördüncü, Cənubi Koreya isə beşinci yerdədir. Böyük Britaniya altıncı, Fransa yeddincidir. Ardınca Yaponiya, qardaş Türkiyə və İtaliya gəlir. Gürcüstan 94-cü, Ermənistan 90-cı sırada qərarlaşıb. İran 16-cıdır.
Sıralama obyektivdirmi?
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında bu reytinq cədvəlinin ədalətsiz olduğunu söylədi: “44 günlük savaşdan öncə biz bu siyahıda 57-ci yerə qədər yüksəlmişdik. Savaşdan sonra Ermənistan ordusundan xeyli qənimətlər ələ keçirdik. Üstəlik, Azərbaycan dövləti silahlanmaya xeyli vəsait cəlb etdi. Yeni silahlar, PUA-lar və hərbi-texniki qurğular alındı. Düşünürəm ki, biz 60 yox, ən azından 50-ci yerə layiqik. Əgər Azərbaycan Ordusunun qələbəsi, döyüş taktikaları dünya hərb tarixinə, dərsliklərə düşürsə, sonuncu hərbi paradda alınan yeni silahlar nümayiş olunursa və dünyanın aparıcı hərbi analitikləri öz heyrətlərini gizlədə bilmirlərsə, deməli, bizim bu siyahıdakı yerimiz ədalətli deyil. 12 gün ərzində ovuc boyda İsrailə yenilən İranın ilk 20-likdə qərarlaşması da inandırıcı görünmür. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir. Azərbaycan isə son 5 ildə bu istiqamətdə xeyli inkişafa və irəliləyişə nail olub. Hələ 44 günlük savaşdan öncə Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter mövcud idi. Ölkənin Quru Qoşunlarında 570 tank var idi. Azərbaycan Hərbi Donanması 4 sualtı qayığa, 13 patrul, 7 minaaxtaran gəmiyə, 1 freqat (kiçik döyüş gəmisi) daxil olmaqla 31 gəmiyə malik idi. İndi bu imkanlarımız xeyli artıb. Düşünürəm ki, biz reytinqlərdə daha yaxşı yerlərə layiqik”.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli konkret faktlar sadaladı: “Bu təhlillər hesab edirəm ki, doğru deyil. Ona görə doğru deyil ki, zaman-zaman obyektiv yanaşmaların olmadığına şahidlik etmişik. Rusiyanı ikinci sıraya qoyublar. Amma Rusiya deyirdi ki, bir həftəyə Ukraynanı tutacaq, üç günə də Kiyevi. Dediklərini həyata keçirə bilmədi. Türkiyə 9-cu sıradadır. Lakin son dövrlərdə keçirdiyi hərbi əməliyyatların hər birində türk ordusu uğur qazanıb. Hindistan sıralamada Pakistandan öndədir, amma son müharibədə Pakistan Hindistanı məğlub etdi. İran ordusunu da irəli qoyublar. Halbuki İsrail ordusunun bir neçə həmləsi qarşısında çox çətin duruma düşdü. Ordunun saxlanması çox önəmlidir. Müasir silahlara malik olmalıdır. Hərbi heyətin hazırlığı hər tərəfdən önəmlidir. Azərbaycan 60-cı sıradadır. Amma ordumuz II Qarabağ savaşının qalibidir, bir neçə saata antiterror əməliyyatları ilə Xankəndini azad edib. Son dövrlərdə hərbi büdcələr artır. Yeni-yeni silahlar istehsal olunur. Orta əsrlərdə yüz min illərlə silahlar dəyişmirdi, amma indi belə deyil. Ölkələr bu istiqamətdə yarışa giriblər. Avropa dövlətləri II Dünya savaşından sonra düşünürdülər ki, ordu quruculuğuna o qədər də ehtiyac yoxdur. Amma əksini etməyə məcbur qaldılar. Təəssüflər olsun ki, dünya hərbiləşməyə doğru sürətlə gedir. Bir sözlə, belə cədvəllərin təqdim olunması çox nisbidir. Konkret demək mümkün deyil ki, hansısa bir ölkənin ordusu ona uyğun olan ölkədən güclüdür. Bunu ümumi şəkildə demək olar. Bəzən müharibələr proqnozları bir anda alt-üst edir. Ordunun güclü olduğunu göstərən savaş meydanıdır”.

















