Ölkəmizin Şərqdən Qərbə daşımalarda rolunun artması bəzi dairələrdə qıcıqla qarşılanır - mövqe
Azərbaycanın regionda tranzit-logistik önəmi hər keçən gün daha da artır. Orta Asiya ölkələri ilə dərinləşən əlaqələr, bir sıra platformalarda birgə iştirak ölkəmiz üzərindən daşımaların daha da artacağı perspektivini yaradır. “Bakı-Xəbər” qəzetinin yazdığına görə, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması bu məsələdə önəmli rol oynayıb. Üstəlik, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bugünlərdə Özbəkistanda bəyan edib ki, Avroittifaq Orta Dəhliz kimi tanınan Transxəzər nəqliyyat marşrutunu şimal dəhlizinə etibarlı, uzunmüddətli alternativə çevirməyə qətiyyətlə sadiqdir.
O da məlumdur ki, Şərqdən Qərbə daşımalarda Azərbaycanın tranzit rolunun artması Rusiyada müəyyən dairələrdə qıcıqla qarşılanır və bunu gizlətmirlər də.
Yeri gəlmişkən, Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb. Rusiya Dəmir Yolları bildirib ki, 62 ədəd 40 futluq konteyner daşıyan qatar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə edərək təxminən 13 gün ərzində təyinat yerinə çatıb. Bu da ilk addımlardan biri sayıla bilər. Əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu və Rusiya buraya investisiya qoyurdu. Rusiya bunu Bakının NATO da daxil olmaqla, Qərb strukturlarına yönəlməsi ilə izah edir. Bildirilir ki, Rusiya məhz buna görə Azərbaycandan imtina edərək Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə yük daşımalarına başlayıb. Bundan başqa, Gürcüstan Azərbaycanın yük maşınlarını buraxmır və sürücülərə kinayə ilə deyilir ki, Zəngəzur yolundan istifadə etsinlər. Bu məsələdə də İvanişvili hökumətinə Rusiyadan təlimatlar verildiyi haqda mülahizələr səslənməkdədir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsində yeni yanaşmasını tətbiq etmək yolunda bütün regionlar üzrə hərtərəfli plan həyata keçirməyə başlayıb. Deputat qeyd etdi ki, Aİ qaz dəhlizlərindən sualtı elektrik kabellərinə və dəniz küləyi enerjisinə qədər çarpaz inteqrasiyanı sürətləndirir: “Növbəti onillikdə Avropada ən böyük 10 qaz yatağının işə salınması planından 4-ü Qara dənizə məxsusdur. Bu siyahıya qoşulmaq Ukraynanın maraqlarına uyğundur. Lakin Ukrayna müharibə vəziyyətindədir və dənizə o qədər tez investisiya qoya bilmir. Beləliklə, bir sual yaranır: müharibədən sonra yeni enerji arxitekturasında hansı aktor üçün nə qədər yer olacaq və enerji müstəqilliyinə gedən yol həqiqətən də sual altındadırmı? Avropanın qazıntı yanacaqlarından asılılığına son qoymaq proqramının bir hissəsi dənizdəki külək enerjisi hesab edilir. Bu istiqamətdə potensial qiymətləndirmələr də son dərəcə müsbətdir, lakin işə salınması üçün hüquqi infrastruktur, zonaların, limanların və gəmiqayırma zavodlarının müəyyənləşdirilməsi, sahildə şəbəkə enerjisi çatdırılma məntəqələri və ən əsası dəstək mexanizmi, məsələn, qiymət fərqləri üçün hərraclar və ya müqavilələr tələb olunur. Azərbaycan tranzit ölkədən oyun qaydalarını müəyyən edən regional liderə çevrilir. Eyni zamanda ənənəvi enerjidən bərpaolunan enerjiyə sürətli keçid yolunu tutmuşuq”.
A.Badamov dedi ki, Azərbaycan külək enerjisi potensialı üzrə dünyada ikincidir: “Bu, Avropa ilə münasibətlərdə hər iki tərəf üçün cazibə amilidir. Avropa İttifaqı mövcud vəziyyəti tarixi fürsət kimi görür ki, bundan istifadə etməklə Rusiyaya uduzmamaq, asılı qalmamaq, asılılıqdan maksimum çıxmaq üçün regionlarda, Mərkəzi Asiyada, Cənubi Qafqazda genişlənə bilsin. Avropa İttifaqı buna görə də Rusiyanın Ukraynadakı Azərbaycanın enerji infrastrukturuna qarşı hərəkətlərini də son dərəcə pislədi. Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizi boyunca əsas tərəfdaşdır. Digər yandan, Qara dənizdə baş verən hadisələr Qazaxıstan neftinin daşınması alternativini Novorossiysk limanından Baku-Tiflis-Ceyhan üzərinə keçirə bilər. Yəni proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Gürcüstan bu məqamda Rusiya ilə müəyyən kompromislərə getsə də, bu yol üzrə yanaşmasını təxmin etmək elə çətin olmaz. Odur ki, Azərbaycanın yürütdüyü siyasət nəqliyyat və kommunikasiyaların maksimum şaxələndirilməsi, regionun inteqrasiyası, amma heç bir halda bu amildən tutaraq təzyiqin göstərilməsinə icazə belə verilməməsinə əsaslanır”.
Deputat xatırlatdı ki, 44 günlük müharibədən sonra Avropa İttifaqı da regionda yaratdığımız yeni reallıqları qəbul etmək istəmirdi: “Amma Azərbaycan dövləti öz mövqeyini dəyişmədi və yaratdığımız sülh və əməkdaşlıq gündəliyimiz dünya tərəfindən qəbul etdirildi. Belə ki, 8 avqustda Vaşinqtonda imzalanmış sazişlər və paraflanmış sülh gündəliyi Avropa İttifaqını da regionumuza baxışlarını dəyişdirməyə məcbur etdi. Zəngəzur dəhlizinin Ermənistandan keçən seqmentinin TRIPP layihəsi adlandırılması və bu dəhlizin açılmasında ABŞ-nin israrlı olması Avropa İttifaqını da hərəkətə keçirdi. Təbii ki, sülh gündəliyimizin beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənməsi vacibdir. Amma Azərbaycan və Ermənistan sülh gündəliyinin inkişaf etdirilməsində və yekun sülh müqaviləsinin imzalanması prosesinə gedən yolda müzakirələrin aparılmasını ikitərəfli formatda həll etməkdədir. Aİ-nin də bu məsələyə dəstək verməsi regionumuza sülh və təhlükəsizliyin gəlişini sürətləndirəcək. Bu gün Zəngəzur dəhlizi Avropa İttifaqı ilə Çin arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ən təhlükəsiz və rentabelli marşrut hesab olunur. Bu baxımdan sülh gündəliyimizin Aİ tərəfindən də dəstəklənməsi həm də Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək. Bu gün regionumuzda sülh gündəliyinin qorunması, təhlükəsizliyin təmin olunması ABŞ-dən Avropaya və həm də Çinə qədər yerləşən böyük bir coğrafiya üçün maraqlıdır. Bu baxımdan regionumuzda yenidən münaqişənin baş verməsi ehtimalının çox aşağı olduğunu hesab edirəm”.

















