Erməni baş nazirin Azərbaycanın gündəmində olan iki əsas məsələyə - Qərbi Azərbaycan mövzusu və qarabağlı ermənilərin bölgəyə geri qayıtması iddiasına dair yeni açıqlaması nəyə hesablanıb?
Nikol Paşinyan rəsmi səfərdə olduğu Almaniyada bir sıra ziddiyyətli açıqlamalar verib. O deyib ki, Azərbaycanla heç vaxt və heç zaman konstitusiya məsələsini müzakirə edilməyib. Paşinyan deyib:
“Sadə sual verirəm: Azərbaycan istəyir ki, bizim konstitusiyamızda territorial iddialar olsun, yoxsa doğrudanmı düşünür ki, konstitusiyamızda belə iddialar var? Əgər səmimi şəkildə hesab edirsə ki, burada problem var, bu problemi həll etməyin ən qısa yolu sülh sazişini imzalamaqdır. Niyə? Çünki sülh sazişi imzalanan kimi biz öz qanunvericiliyimizə uyğun olaraq məcburuq, borcluyuq və bu sənədi Konstitusiya Məhkəməsinə göndərməyə ki, həmin sazişin Ermənistanın əsas qanununa uyğunluğunu yoxlasın. İki variant mövcuddur: ya Konstitusiya Məhkəməsi qərar verir ki, saziş Ermənistan Konstitusiyasına uyğundur. Bu halda, sənədi parlamentə göndərib ratifikasiya etməyə heç bir maneə qalmır. Saziş parlamentdə ratifikasiya olunandan sonra konstitusiyanın beşinci maddəsinin, səhv etmirəmsə, üçüncü hissəsinə əsasən ratifikasiya olunmuş beynəlxalq müqavilələr daxili qanunvericiliklə ziddiyyət təşkil edərsə, beynəlxalq müqavilə daha yüksək hüquqi qüvvəyə malik olur. Saziş daha yüksək hüquqi qüvvə aldığı andan Ermənistan istəsə də artıq Azərbaycana qarşı territorial iddialar irəli sürə bilməz. İkinci maddədə deyilir ki, bu əsasla tərəflər bir-birinə qarşı territorial iddialar irəli sürmür və gələcəkdə də irəli sürməməyi öhdələrinə götürürlər. Beləliklə, bu saziş ratifikasiya ediləndən sonra Ermənistan istəsə də Azərbaycana qarşı territorial iddialar qoya bilməz”.
Paşinyan mümkün ikinci variant haqda isə belə deyib: “Konstitusiya Məhkəməsi qərara alır ki, saziş konstitusiyaya uyğun gəlmir. Mən əvvəllər də demişəm ki, belə olarsa, konstitusiya dəyişiklikləri təşəbbüsünü özüm qaldıracağam, çünki hesab edirəm ki, əldə olunmuş sülh o qədər dəyərli bir şeydir ki, onu qorumaq üçün bu addıma getməyə dəyər. Amma mənim bu gün Ermənistan cəmiyyətinə "Bilirsiniz nə var, gəlin konstitusiyanı dəyişək" deməyə legitimliyim yoxdur. Niyə? Çünki Ermənistan xalqı mənə deyəcək ki, 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi qərar çıxarıb ki, sülh sazişinin də giriş hissəsində qeyd olunan Almata Bəyannaməsi bizim konstitusiyaya uyğundur. O zaman nə üçün konstitusiyanı dəyişək? Elə çıxar ki, biz, sadəcə, kaprizə görə konstitusiyanı dəyişirik. Bəs ikinci kapriz ortaya çıxsa? Sonra üçüncü? Dördüncü? Biz nə edəcəyik?"
Paşinyan Bakı ilə birgə yol xəritəsi hazırlanmasını, paralel olaraq təkcə “Qarabağ məsələsi”ni deyil, həm də Qərbi Azərbaycan məsələsini həll etməyi təklif edib.
“Gəlin, bu məsələnin necə aradan qaldırılacağını anlamaq üçün yol xəritəsi hazırlayaq. Bu məsələnin aradan qaldırılması uzunmüddətli perspektivdə hər hansı münaqişə vəziyyətinin aradan qaldırılması deməkdir. Əgər bir-birimizin ərazi bütövlüyünü tanıyırıqsa, onda biz bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”, - deyə Ermənistanın baş naziri bildirib.
Paşinyan həmçinin Ermənistandakı müxalifət qüvvələrinin Qarabağ məsələsinin hələ də bağlanmadığını və Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq hüququna malik olduğunu iddia edən ritorikasını da tənqid edib. “Mən həmçinin Qarabağdan gələn vətəndaşlarımıza onların geri qayıtmasının qeyri-real olduğunu dedim. Əgər biz geri qayıtma gündəliyini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlatmaq demək olacaq. Bu arada mən artıq Qarabağ hərəkatını davam etdirməməli olduğumuzu bildirmişəm. Qarabağ hərəkatı bitib və onu dirçəltmək cəhdləri faydasız olacaq. Digər tərəfdən, Ermənistanda da Bakının daim anlaşılmaz "Qərbi Azərbaycan" terminini işlətdiyini eşidirlər", - deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, əgər Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edirsə, bu, yeni müharibə deməkdir: “Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni məhrumiyyətlər, gözlənilməz nəticələri olan yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər mahiyyət etibarilə, Ermənistanın yeni müharibə başlatmalı olduğunu bəyan edirlər”.
“Ölkənin konstitusiyasının bütün qanun və müqavilələrdən üstün olduğunu məgər Paşinyan bilmir? Təbii ki, bilir”. Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Paşinyanın Hamburqda verdiyi bəyanat seçki öncəsi Ermənistan cəmiyyətinə hesablanmış və müxalifətin ona hücum etmək üçün ən çox istifadə etdiyi kartı neytrallaşdırmaq məqsədi güdür: “Amma eyni zamanda faktiki olaraq konstitusiya dəyişikliyinin sülh sazişindən sonraya saxlanması mövqeyinin açıq bəyan edilməsidir. Deyir ki, müqavilə imzalamaq o deməkdir ki, Ermənistan istəsə də Azərbaycana qarşı ərazi iddiası sürə bilməz. Konstitusiyanın Preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddiası qaldığı halda Paşinyandan sonrakı hakimiyyətlərdən hər hansı biri "ölkənin konstitusiyasından irəli gələn tələbi yerinə yetirməliyik" deyib Azərbaycana qarşı ərazi iddialarını irəli sürə və iddialarını həyata keçirmək adı ilə müharibə də başlaya bilər. Hesab edirəm ki, Nikol Paşinyanın ortaya qoyduğu bu mövqe sülh müqaviləsinin imzalanmasını ləngidən bir mövqedir. Fikrimcə, Paşinyan gələn ilin iyununda keçiriləcək seçkilərə qədər sülh müqaviləsini imzalamaq istəmir. Sülh müqaviləsinin imzalanmasını seçkidən sonraya saxlamağa çalışır".
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, məsələyə bənd-bənd baxmaq lazımdır. Deputat vurğulayıb ki, Qərbi Azərbaycan termini tarix məsələsidir, buna görə bu mövzunu bağlamaq olmaz: “Həm hakimiyyət, həm də müxalifət yaddan çıxarmamalıdır ki, indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bunu unutmaq, gündəlikdən çıxarmaq mümkün deyil. Azərbaycan dövləti Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyır, Ermənistandan da analoji yanaşmanı tələb edir. Hazırda tələbimiz Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid olan iddianın çıxarılmasıdır. Ermənistan bunu edəndə sülh müqaviləsi imzalana bilər. Qərbi Azərbaycan ifadəsini işlətməklə biz Ermənistan ərazisinə hüquqi iddia irəli sürmürük. Biz əslən qərbi azərbaycanlı olan, zaman-zaman məcburən, bəzən silah gücü ilə, insanların öldürülməsi fonunda çıxarılan azərbaycanlıların öz tarixi torpaqlarına qaytarılması məsələsini gündəliyə qoyuruq. Dəfələrlə həm Azərbaycan tərəfi, həm də Qərbi Azərbaycan İcması Ermənistan tərəfinə bu barədə müraciətlər ünvanlayıb. Əgər Ermənistan bu məsələni müzakirə etmək istəyirsə, Azərbaycan tərəfi buna hazırdır. Yox əgər Ermənistan diplomatik manevrlərlə Azərbaycan ictimai fikrindən Qərbi Azərbaycan ifadəsini çıxarmağa cəhd edirsə, bu, əbəs cəhddir. Hesab edirəm ki, Ermənistan məsələyə real və ədalət gözü ilə baxmağı özü üçün norma kimi qəbul etməlidir”.

















